Azğın dinli kafirdir, başlarını kəsim.
Dönə-dönə savaşım, dönə-dönə döyüşüm.
Qılınc çalıb baş kəsməyi gör, öyrən.
Başın bəlaya düşsə, gərəyin olar...
Uruz burada söyləmiş, görək, xanım, nə söyləmiş:
A bəy ata, eşidirəm,
Ərəfatda erkək quzu qurban kəsmək üçündür.
Ata oğul qazanar ad üçün,
Oğul da qılınc qurşanar ata qeyrəti üçün,
Mənim də başım qurban olsun sənin üçün.
Qazan burada söyləmiş, görək, xanım, nə söyləmiş:
Oğul, oğul, ay oğul!
Düşmən arasına girib baş kəsməyibsən.
Adam öldürüb qan tökməyibsən.
Ala gözlü qırx igidi götür özünlə,
Köksü gözəl dağ başına çıx,
Mənim necə savaşaraq döyüşdüyümə,
Həm bax, öyrən, həm bizə göz olub, pusquda dur!
Uruz atasının sözünü sındırmadı. Geri döndü, yoldaşlarını da götürüb uca dağların başına çıxdı. O zamanlar oğul ata sözünü iki eləməzdi. İki eləsəydi, o cür oğulu qəbul etməzdilər. Uruz süngüsünü gen yaxasından keçirib yerə sancdı, durdu.
Qazan bəy gördü ki, kafir yaxınlaşdı. Atından endi, təmiz suda yuyundu. Ağ alnını yerə qoydu, iki rükət namaz qıldı. Adı gözəl Məhəmmədi yada saldı. Qara dinli kafirin gözünə qaranlıq çökdürdü. Hayqırıb at sürdü, irəli gedib qılınc vurdu...
Uruz baxa-baxa cuşa gəldi. Dedi: “Bəri gəlin, qırx yoldaşım. Görürsünüz ki, ağam Qazan baş kəsdi, qan tökdü. Məni sevən igidlərim, nə durmusunuz, düşmən qoşununun bir ucuna hücum edək”. Qaracıq atını oynatdı. Uruz kafirin sağ cinahına at sürdü. Sağlı-sollu düşməni yaxşıca dağıtdı. Sanki dar yolda dolu düşdü, ya qaz sürüsünə şahin girdi. Kafirin bir cinahı basıldı. Azğın dinli kafir əldən düşüb ox atmağa başladı. Qaçanlardan biri Uruzun bədöy atını oxladı. At yıxıldı. Kafirlər qayıdıb Uruzun üstünə düşdülər. Uruzun qırx igidi atdan endi... Qılınc siyirdilər. Uruzun üstündə çox vuruşdular. Uakin çoxluq qorxudur, dərinlik batırır. Piyadanın ümidi olmaz. Uruza sağdan-soldan hücum etdilər, qırx yoldaşını şəhid etdilər. Oğlanın üstünə düşüb tutdular. Qollarını bağladılar. Üzü üstə salıb sürüdülər. Ağ ətindən qan çıxınca döydülər. “Ata” deyə ağlatdılar, “ana” deyə inlətdilər. Əli bağlı, boynu bağlı, üzüstə salıb sürüyərək apardılar. Uruz dustaq oldu.
Qazanın xəbəri yox. Elə sandı ki, düşmən basılıb. Atın yüyənini döndərib geri qayıtdı. Gəldi, oğlanı qoyduğu yerdə tapa bilmədi. “A bəylər, oğlan hara getmiş ola?” - dedi. Bəylər dedilər: “Oğlan quş ürəkli olur. Qaçıb anası yanına getmişdir”.