Bəri gəl, ağam Qazan!
Dəniz kimi qaralıb gələn nədir?
Od kimi işarıb, ulduz kimi parlayıb gələn nədir?
Öz dilinlə beş kəlmə xəbər ver mənə,
Qara başım qurban olsun, ağam, sənə!
Qazan dedi:
Bəri gəl, aslanım oğul!
Böyük dəniz kimi qaralıb gələn kafirin qoşunudur.
Gün kimi parlayıb gələn kafirin papağındakı işıqdır.
Ulduz kimi işarıb gələn kafirin nizəsidir.
Azğın dinli yağıdır, düşməndir, oğul!
Oğlan dedi:
- “Yağı” deyəndə nəyə deyirlər?
Qazan dedi:
- Oğul, ona görə yağı deyirlər ki, biz onlara yetsək, öldürərik, onlar bizə yetsə,
öldürərlər.
Uruz burada söyləmişdir. Görək, xanım, nə söyləmişdir:
Bəri gəl, ağam Qazan!
Qalxıb yerimdən bədöy atımı saxlayırdım bu gün üçün.
Günü gəldi, böyük meydanda səyirdim mən sənin üçün!
Uzaq vuran sür nizəmi saxlayırdım bu gün üçün.
Günü gəldi, qarınlara-kökslərə sancım mən sənin üçün!
Böyük, iti polad qılıncımı saxlayırdım bu gün üçün.
Günü gəldi, kafir başın kəsdirim sənin üçün!
... Qırx igidimi saxlayırdım bu gün üçün.
Günü gəldi, kafir başını kəsdirim sənin üçün!
Aslan adımı saxlayırdım sənin üçün.
Kafirlə əlbəyaxa tutaşım mən sənin üçün!
Ağız-dildən bir neçə söz söylə mənə!
Qara başım qurban olsun, ağam, sənə!
Qazan burada söyləmiş, görək, xanım, nə söyləmiş:
Oğul, oğul, ay oğul!
Səsimi eşit, sözümü dinlə!
O kafirin atdığı üç oxdan biri boşa çıxmaz oxçusu olur.
“Hay” demədən başlar kəsən cəlladı olur.
Adam ətindən qovurma edən aşpazı olur.
Bu sən deyən düşmən deyil.
Mən yerimdən qalxıb durum,
Qonur atın belinə qoy mən minim,
Böyük, iti polad qılıncı mən çalım,