Qardaşım Qaragünəni gördüm, -
Baş kəsib - qan tökübdür, haqqın alıb, ad qazanıbdır.
Sol tərəfə baxdıqda dayım Aruzu gördüm, -
Baş kəsib - qan tökübdür, haqqın alıb, ad qazanıbdır.
Qarşıma baxanda səni gördüm,
On altı yaşın oldu,
Bir gün ola, düşüb öləm, sən qalarsan;
Yay çəkməmisən, ox atmamısan,
Baş kəsməyibsən, qan tökməyibsən.
Qanlı Oğuz yurdunda bir mükafat almayıbsan.
Sabahkı gün vaxt gələr, mən ölüb sən qalanda taxt-tacımı birdən sənə verməzlər,
- deyə sonumu andım, ağladım, oğul! - dedi.
Uruz burada söyləmiş, görəlim, xanım, nə söyləmişdir:
A bəy baba!
... Hünəri oğul atadanmı görər, öyrənər,
Yoxsa atalar oğuldanmı öyrənir?
Sən məni götürüb haçan kafir sərhədinə çıxardın,
Qılınc çalıb baş kəsdin?
Mən səndən nə gördüm ki, nə öyrənim? - dedi.
Qazan bəy əlini əlinə vurub qah-qah güldü. Dedi: A bəylər, Uruz yaxşı deyir.
Siz yeyiniz-içiniz, söhbətinizi eləyin. Mən bu oğlanı götürüb ova gedim. Yeddi günlük azuqə ilə çıxaq. Ox atdığım yerləri, qılınc çalıb baş kəsdiyim yerləri göstərim. Kafir sərhədində Cızıqlara, Ağlağana, Göyçə dağına götürüb aparım. Sonra oğlana gərək olar, a bəylər!”
Qonur atını çəkdirdi, mindi. Donu qaş-daşla bəzənmiş üç yüz igidi seçdi, öz dəstəsinə qoşdu. Uruz da qırx ala gözlü igidini özü ilə apardı. Qazan oğlunu götürüb uca dağlar üzərinə ova çıxdı. Ov ovladı, quş vurdu. Ceyran-cüyür yıxdı. Hündür və gözəl göy çəmənlikdə çadır qurdu. Bir neçə gün bəylər eləcə yeyib-içdilər.
Sən demə, Başı açığın Dadiani qalasından, Aqsaqa qalasından kafirin casusu bunları görüb təkura dedi: “Hey, nə oturursan? İtini ulatmayan, pişiyini miyoldatmayan alplar başçısı Qazan öz oğlu ilə sərxoş olub yatır”.
On altı min qara donlu kafir ata mindi. Qazanın üzərinə irəlilədi. Baxıb gördülər, altı bölük toz endi. Kimi dedi: “Ceyran tozudur”, kimisi dedi: “Düşmən gəlir”. Qazan dedi: “Ceyran olsaydı, bir, ya iki bölük olardı. Bilin ki, bu gələn düşməndir”. Toz yarıldı, gün kimi parıldadı, dəniz kimi çalxalandı, meşə kimi qaraldı. On altı min ip üzəngili, keçə papaqlı, azğın dinli, quzğun dilli kafir gəlib çıxdı. Qazan Qonur atını çəkdirdi, mindi. Oğlu Uruz bədöy atının cilovunu çəkib oynatdı, onun qarşısına gəldi, dedi: