Qan ilə qazandıq zəfəri, verməriz əldən,
Xof eyləmədik atəşi-dəhhaşe-düvəldən.
Bir zərrə belə qorxmayırız dəsti-əcəldən,
İstərsə cahan çevrili varsın da təməldən.
Türkün üzü çevrilməyəcək səmti-əməldən
Türklər geriyə dönməyəcək müslih əməldən.
Yüksək yaşamaq istər ikən cümlə miləldən.
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Əsərin təhlilinə hazırlaşın.
Şeir digər xalqlar kimi, türk xalqlarını da fəlakətə sürükləyən Birinci Dünya müharibəsi zamanı- 1918-ci ildə yazılmışdır. Həmin illərdə türk xalqları böyük itkilər vermiş, böyük əzab-əziyyətlərə qatlaşmalı olmuşlar. Yenicə müstəqilliyini qazanmış Azərbaycan dövlətinin vəziyyəti daha ağır idi, o, torpaqlarına göz dikmiş erməni daşnakları ilə qanlı müharibə aparmağa məcbur olmuşdu. Bütün bunlara şairin münasibətini aydınlaşdırmağa çalışın. Şeirdə tanış olmayan sözlər çox olsa da, o, maraqla oxunur və oxucunu düşündürür. Müşahidələrinizi davam etdirməklə bunun səbəbini müəyyənləşdirməyə çalışın.
Şeir əruz vəznində, həzəc bəhrinin dördtəfiləli növündə yazılıb. Misralardakı bölümlər təfilənin tələbinə görə aşağıdakı şəkildə olur.
məfülü | məfAİLü | məfAİLü | fəUlün |
---|---|---|---|
Türkün tö | külən qanla | rı bihudə | gedərmi? |
Diqqətlə | düşün, yoxsa | bu qan həpsi | hədərmi? |