Tanrıverdi və Səfər çəkdikləri torpağı boşaldıb yenidən dolu quyuya buraxdıqdan sonra Tanrıverdi:
- Ay ağa, - dedi,-bilirsən ki, quyunun indi çətin vaxtıdır, əjdaha kimi ağzını açıb qurban istəyir.
Səfər Tanrıverdinin sözünü kəsdi:
- Bax bu yerlərin hər guşəsinə ayaq bassan, hər ovuc torpağına qazma vursan, işçi sümüyü görərsən, işçi fəryadı eşidərsən.
Hacı Qulu ayaqlarını yerə çırparaq bağıra-bağıra:
- Canınız çıxsın, - dedi, - pul qazanmaq asandır? Siz canınızdan keçirsiniz, biz də ətəkətək pulumuzdan.
Tanrıverdi həyəcanla qışqırdı:
- Səfər! Səfər! Qurban ipi tərpədir.
Səfər və Tanrıverdi tez quyunun ağzına qaçıb başlarını aşağı dikərək baxarkən quyunun içində partlayan qazın gurultusundan diksinib çəkildilər. Hər ikisi həyəcanlı bir səslə:
- Allah özü bağışlasın. Qurban da belə getdi, - dedilər.
Hacı Qulu bir şey eşitmirmiş kimi, qorxa-qorxa quyunun ağzına gəldi və diqqətlə baxdı. Birdən-birə dodaqlarında bir təbəssüm olduğu halda uca səslə:
- Çeşmənin başı açılmışdır. Yavaş-yavaş neft qaynayır, - dedi.
Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən arasından yerə bir məktub düşdü. Məktubun üzərində: “Bu məktub Qurbanın uşaqlarının anasına yetişəcək” cümləsi yazılmışdı. Səfərlə Tanrıverdi bir müddət məktubu acı nəzərlərlə süzərək: “Yazıq Qurban, məktub yetişmədi”, - deyə sızıldadılar.