Bu dəfə Kərbəlayı Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi:
- Kərbəlayı Zal, səndən narazıyam. Sən köhnə, dünyagörmüş qorodovoysan. Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır... həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. Görünür, sən ya rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq.
Bu sözlər bir ox olub Kərbəlayı Zalın bu tərəfindən dəyib, o biri tərəfindən çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu:
- Nə var?
Dedi:
- Heç, bir az başım ağrıyır.
Arvad abgüşt bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Bir-iki tikə alıb, “iştahım yoxdu” deyib yatmaq istədi. Nə qədər etdisə, gözünə yuxu gəlmədi. Axır durub, bir stəkan çay içib getdi qarovula.
Kərbəlayı Zal “Qanlı küçə” ilə “Zavallı” küçəsinin küncündə durub pristavın sözlərini fikir edirdi.
Gecəyarısından bir xeyli keçmiş Kərbəlayı Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar.
Kərbəlayı Zal bu keyfiyyəti görüb öz-özünə dedi: “Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey olar”.
O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi.
- Vot, Patap, bomba rabatay!
-Qde?
- Dom Feyzulla bomba pirnesom.
Patap İvana xəbər elədi, İvan oqolodoçniyə, oqolodoçni pristava, pristav qala bəyinə, qala bəyi jandarmlar rəisinə. Yarım saatdan sonra usta Feyzullanın evini qazaq, saldat, qorodovoy bürüdü. Qapını döydülər.
Usta Feyzulla çıxdı, xəbər aldı:
- Kimsən?
Dedilər:
- Aç qapını.
Qapını açan tək binəvanın dili tutuldu. Birtəhər soruşdu ki, “bəs niyə buyurubsunuz?” Dedilər:
- Danışma, gərək sənin evin axtarılsın!
Gecəyarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb evin altını üstünə çevirdilər. Heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncə iki çuval qoyulub.
Kərbəlayı Zal çuvalları görən tək qışqırdı:
- Barin, vot, vot bomba!