barədə çox ciddi şəkildə götür-qoy edir, axtarışlar aparır. Beləliklə, əsərin bütün hissələrinin, epizodlarının yerləşdirilməsi, qarşılıqlı əlaqələndirilməsi, əhvalatların, hadisələrin əks etdirilməsi qaydaları kompozisiya adlanır. Latın mənşəli "kompozisiya" sözü dilimizdə qurmaq, tərtib etmək, düzəltmək anlamında başa düşülür. Kompozisiya baxımından mükəmməl olan əsər bədii cəhətdən kamil olur və maraqla oxunur. Bunu “Qurbanəli bəy"in timsalında müşahidə etdiniz.
Hekayəni maraqlı edən cəhətlərdən biri də onda bədii ifadə vasitələrinin işlənməsidir. Əsərdə belə bir yer var: "Adamları araladılar, bu qonaq da girdi həyətə. Bu da “Qapazlı" kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəy idi". Əsərin sonrakı səhifələrindən məlum olur ki, “məşhur” sözü yazıçının bu obraz haqqındakı əsl fikri deyilmiş. Danışığı, davranışı ilə özünü rüsvay edən, hamı tərəfindən yüngültəbiətli adam kimi tanınan Qurbanəli bəyi bu sözlə təqdim edən yazıçının niyyəti onun həqiqi simasını açmaq imiş. Bu, ədəbiyyatşünaslıqda kinayə adlanır. Deməli, yazıçının şəxs, əhvalat və hadisə haqqındakı qənaətinin əksinə olan fikri ifadə etməsi kinayədir. Bədii ifadə vasitələrindən olan kinayə fikrin təsirli, emosional çatdırılmasında əhəmiyyətli rol oynayır.