Kərbəlayı Qasım gedib qalxdı alçaq divara, oradan qalxdı aşpazxana damının üstünə və sağ əlini gözünün üstünə qoyub başladı diqqətlə yola baxmağa.
Kəndin yaxınlığında Kərbəlayı Qasımın gözünə əvvəl iki atlı göründü. Bunlar atlarını bərk çapırdılar. Dəxi bunlardan savayı, yolda bir şey görünmürdü. Amma bir qədər keçdi, "Mərəzə"nin yanında şöyüd ağaclarının dalından bir dəstə atlı çıxdı. Bunların içində naçalnik və pristavların düymələri və xanımların şlyapaları aşkar bilinirdi. Kərbəlayı Qasım tez yendi aşağı, qaçıb gəldi xanımın yanına və tövşüyə-tövşüyə dedi.
—Xanım, bu gələnlər, deyəsən, elə dünənki qonaqlardı.
Xanım çarşovun ucunu saldı yerə, gəldi Kərbəlayı Qasıma yavıq və dedi:
— Dünənki qonaqların burda nə işləri var?
Kərbəlayı Qasım əllərini qoydu bir-birinin üstünə və cavab verdi:
— Mən nə bilim, ay xanım?
Bu heyndə küçədə mərəkə qopdu. İtlərin hürüşməsi, adamların qaçışması, at tappıltısı. Və bir az keçdi, küçə qapısı döyüldü. Xanım qaçdı içəri və pəncərədən küçəyə baxıb gördü ki, küçə doludur adamlarla; hamısı rus qulluqçuları və rus xanımları.
Kərbəlayı Qasım qapıya çıxıb gördü ki, dünən pristavın evindəki qonaqların hamısı gəlib dayanıb qapıya. Xanım tez qaçdı eşiyə və Əlini çağırıb dedi:
— Get de ki, ağa evdə deyil.
Əli qaçdı küçə qapısına və xanım qaçdı evə, Qurbanəli bəyi oyatdı. Bəy “a... a...” eləyib çöndü o biri səmtə, arvadı dedi:
— A kişi, dur, dünənki qonaqlar gəliblər bizə.
Qurbanəli bəy yenə “a... a...” eləyib gözlərini açdı və arvadına dedi:
— Cəhənnəm ol! — və yenə gözlərini yumdu.
Arvad genə dedi. Qurbanəli bəy gözlərini açıb, qalxdı oturdu və soruşdu:
— Nə deyirsən?
Arvadı sözünü bir də dedi. Bəy dik qalxdı ayağa, bir şey fikir elədi, qaçdı otağın o tərəfinə, bu tərəfinə, arvadına dedi:
— Qoy desinlər, ağa evdə deyil.
Arvadı genə çıxdı eşiyə və bəy mələfəni götürüb çarşov kimi saldı başına, çıxdı həyətə, qaçıb soxuldu tövləyə və girdi atın axuruna. Nökərlər qonaqlara dedilər:
— Ağa evdə deyil.
Naçalnik bu cavabı eşidib təəccüb eladi; habelə qeyri qonaqlar mat qaldılar. Kəndlilər başladılar qonaqların atlarını dolandırmağa. Naçalnik çıxardıb papirosunu yandırdı və nökərlərdən soruşdu:
— Bəy hara gedib ki, evdə deyil?
Nökərlər cavab verdilər:
- Bilmirik.
Naçalnik bir qədər dinməyib yenə soruşdu:
— Bəs o ki özgə yerə gedəcəkdi, bizi niyə qonaq çağırdı?
Nökərlər cavab verdilər ki:
- Bilmirik.
Xanımların biri bir stəkan su istədi. Kərbəlayı Qasım qaçdı evdən kasada su gətirdi. Qonaqlar bir qədər bir-birinin üzünə baxıb dedilər ki:
— Dəxi niyə dururuq, qayıdaq gedək.
Naçalnik də buna razı oldu, amma Kərbəlayı Qasıma üzünü tutub soruşdu:
— Bəyin atları tövlədədir?
Kərbəlayı Qasım dedi: