Kərbəlayı Qasım genə üzünü tövləyə tutub çığırdı atların üstünə və xanıma cavab verdi:
- Ağam urus arvadlarıynan az danışdı, amma nəçəlniknən çox danışdı.
Aşpaz Əli samovarı, gətirdi və çıxanb qoydu pilləkənin üstə. Qaravaş süpürgəni dayadı divara, qalxdı pilləkənin üstünə və samovarı qalxızıb apardı evə. Aşpaz Əli yenib durdu xanımın qabağında və soruşdu:
-Xanım, bu gün nə pişirim?
Xanım qaravaşı çagırıb dedi:
-Bə Qurbanəli bəy gecə demədi ki, nə pişirək?
Qaravaş əlində çay qabı xanımın yanına gəlib cavab verdi:
- Gecə ağa elə hirsli idi ki, hələ məni istəyirdi öldürsün.
Xanım təəccüb elədi və dedi:
- Yaxşı, yaxşı, elə danışma! Dəli olmamısan ki!
- Vallah, a xanım, ağam evə girən kimi xəncərini çıxartdı və mənə dedi: Xəncərnən səni öldürərəm!"
Xanım bır qədər dinmədi və üzünü tutdu Kərbəlayı Qasıma:
- Kərbəlayı Qasım, yəqin, ağan yenə keflənmişdi.
Kərbəlayı Qasım cavab verdi:
- Xeyr, keflənməmişdi.
Xanım girdi içəri və yavaşca Qurbanəli bəyin yanına yavıqlaşıb gördü ki, bərk yuxudadır. Sonra çıxdı eşiyə və aşpaz Əliyə on altı qəpik verib dedi:
- Əli, get iki girvənkə ət al gətir, bozbaş pişir.
Əli pulları aldı və dedi:
- Baş üstə!
Kərbəlayı Qasım və Əli üz qoydular aşpazxanaya tərəf getməyə.
Gün qalxdı, günorta oldu. Kərbəlay, Qasım həyətdə oturmuşdu tut ağacının dibində və hərdənbir daş götürüb atırdı ağacın başına və tut quşlarını qovurdu və hərdənbir yerə tökülən yetişmiş tutlardan götürüb yeyirdi. Qaravaş da gəldi Kərbəlayı Qasımın yanına və başladı tutları seçib yeməyə. Bir az keçdi, xanım da gəldi bunların yanına və başını qalxızıb bir qədər yetişmiş tutlara baxdı və Kərbəlayı Qasıma dedi ki, çıxsın ağaca, bir az tut silkələyib töksün. Qaravaş evdən bir çarşov gətirdi. Aşpaz Əli də bunların yanına gəldi və dedi:
-Siz çarşovu tutun, mən çıxım silkələyim.
Əli çıxdı ağaca. Xanım, qaravaş və Kərbəlayı Qasım çarşovu tutdular və Əli ağacın budağının birini tərpətdi və yekə-yekə yetişmiş ağ tutlar töküldü çarşova. Budağa bir-iki təpik vurandan sonra Əli qalxdı bir az da yuxarı. Ağacın başından kəndin ətrafı əl içi kimi görünürdü. Əlinin gözünə bir belə şey də sataşdı: Hacı Heydər dəyirmanının yanından kəndə sarı bir dəstə atlı gəlirdi. Əli əvvəl buna fikir vermədi və başladı budağın birini silkələməyə. Amma sonra genə diqqət saldı və gördü ki, atlılar kənd əhlinə oxşamırlar. Bunu görüb Əli üzünü tutdu aşağı və dedi:
-Kərbəlayı Qasım, kəndə çoxlu atl, gəlir, amma kəndliyə oxşamırlar.
Kərbəlayı Qasım, xanım və qaravaş bir qədər baxdılar bir-birinin üzünə. Xanım dilləndi:
- Kəblə Qasım, çıx aşpazxana damına, gör necə atlıdılar?