Arvad dinmədi və çəkildi kənara. Bəy o biri otağa girib gördü ki, arvadı paltarlarını soyunmamış dayanıb yastığa və yuxulayıb. Əvvəl gedib durdu arvadının yanında. O, xəncərin tiyəsini arvadının üstünə qalxızıb dedi:
- Bu xəncəri soxaram sənin qarnına!
Arvad ayılmadı. Qurbanəli, bəy dəxi, dinməd, və xəncəri, atdı, yerə. Sonra börkünü çıxarıb atdı bir səmtə və başladı soyunmağa. Paltarlarını və çəkmələrini çıxarıb hirslə hərəsini atdı bir yana, bir az su içdi və uzandı yerinə.
Bəyi yuxu tutdu.
Qurbanəli bəyin arvadı sübh vaxtı ayılıb gördü ki, əri gəlib yatıb, yavaşça paltarııı geyib çıxdı, eşiyə. Qaravaş süpürgə ilə həyəti süpürürdü. Kərbəlayı Qasım əlində xəlbir tövlənin qabağında durub arpa təmizləyirdi ki,aparıb versin atlara.
Xanım Kərbəlayı Qasımdan soruşdu ki:
-Niyə belə gec gəldiniz?
Kərbəlayı Qasım cavab verdi.
- Qonaqlıq çox uzun çəkdi, onun üçün gec gəldik.
Xanım yenə soruşdu:
- Pristavın qonağı çox idimi?
Kərbəlayı cavab verdi:
- Bəli, xanım, çox idi.
Xanım soruşdu.
Kim idilər qonaqlar?
Kərbəlayı Qasım çavab verdi:
- Ay xanım, nə bilim, bir çoxu böyük adamlar idi. Çoxlu xanım idi. Nəçəlnik özü də orada idi. Çox adam vardı.
Xanım yenə soruşdu:
- Kəblə Qasım, xanımlar da elə kişilərnən bir yerdə oturmuşdular, ya ayrı oturmuşdular?
Kərbəlayı Qasım cavab verdi:
-Yox, elə hamısı qarışmışdı bir-birinə.
Qaravaş bu sözləri eşitcək öz-özünə dedi:
-Bıy aman Allah!
Xanım oturdu pilləkənin pilləsinin üstündə, Kərbəlayı Qasımı bir az yavığa çağırdı və dedi:
- Sən Allah, Kəblə Qasım, nağıl elə görək, qonaqlıq necə keçdi, qonaqlara nə verdilər, ağan kimnən danışdı, nə danışdı? Sən Allah, Kəblə Qasım, hamısını nağıl elə.
Kərbəlayı çuxasının ətəyini qalxızıb ağzının və burnunun suyunu sildi. Tövlədən atlar başladılar bir-birinin üstünə çığırışmağa və Kərbəlayı Qasım üzünü tövləyə tərəf tutub çığırdı:
- Buna bax ha!
Xanım genə Kərbəlayı Qasıma dedi:
- Sən Allah, Kəblə Qasım, nağıl elə görək.
Kərbəlayı Qasım cavab verdi:
- Ay xanım, dəxi nə deyim? Çox qonaq vardı. Nəçəlnik də orda idi.
Xanım genə Kərbəlayı Qasımdan soruşdu:
- Kəblə Qasım, urus arvadları bə kişilərnən nə danışırdılar?
Kərbəlayı Qasım cavab verdi:
- Xanım, mən nə bilim ki, nə danışırdılar? Mən onların axı dilini bilmirəm ki?
Xanım genə soruşdu:
- Kəblə Qasım, doğrusunu de görək, ağan da urus arvadlarıynan danışdımı?