- Niyə biçarə kişini oyadırsan? Nəyə lazımdır?
Bəy cavab verdi:
- Ay xanım, başına dolanım, necə nəyə lazımdır? Ağzı nədi bu tezlikdə yatsın!..
Qoy gəlsin görək kimin hünəri var mənim aşpazım bişirən plovu bişirsin?!
Qonaqlar yenə gülüşdülər. Kərbəlayı Qasım şişmiş gözlərini bərəldib girdi içəri. Ağası yenə əlini xəncərinin dəstəsinə aparıb dedi:
- Kəblə Qasım, mən səni öldürərəm!
Qonaqlar yenə gülüşdülər.
Kərbəlayı Qasım əllərini döşünə qoyub alçaq səslə dedi:
- Niyə, başına dönüm, ağa?
Bəy hirsli və uca səslə:
- Hələ soruşursan da niyə? Gəl gör bu ağalar nə deyirlər. Mən ha deyirəm ki, bizim Əli bişirən plovu heç kəs bişirə bilməz, bunlar inanmırlar.
Kərbəlayı Qasım alçaq səslə cavab verdi:
- Bəli, ağa, Əli yaxşı plov bişirir.
Qurbanəli bəy üzünü qonaqlara tutub sevincək və ucadan dedi:
- Di gördünüz? Di gördünüz? İndi sözünüz nədi?
Qonaqların çoxusu cavab verdi:
- Doğrudu, doğrudu, inanırıq.
Kərbəlayı Qasım çıxdı eşiyə. Yanm saatdan sonra qonaqlar başladılar dağılmağa. Qurbanəli bəy atını və Kərbəlayı Qasım yabısını minib düşdülər yola. Bəy başını saldı aşağı və başladı mürgüləməyə. Hərdənbir yuxudan ayılıb atı saxlayırdı, üzünü çöndərirdi Kərbəlayı Qasıma və deyirdi:
- Bu xəncəri soxaram sənin qarnına.
Çox vaxt Kərbəlayı Qasım cavab vermirdi və gah vaxt deyirdi:
- Niyə, başına dönüm, ağa?
Bəy gah vaxt Kərbəlayı Qasıma cavab vermirdi, amma gah vaxt deyirdi:
- Kimin hünəri var, Əli bişirən plovu bişirsin?!
İki saatdan sonra ağa və nökər yetişdilər kəndə.
Yekə imarətin darvazasının qabağında atlar dayandılar. Kərbəlayı Qasım yerdən bir daş götürüb başladı qapını döyməyə. Yekəpapaq bir kişi qapını açdı və Qurbanəli bəyin yanına qaçıb yapışdı atın cilovundan. Qurbanəli bəy hələ atdan yenməyib xəncərin tiyəsini qalxızdı kişinin üstünə və dedi:
- Əli, bu xəncəri soxaram qarnına!
Nökəri cavab verdi:
- İxtiyar sənindi, ağa!
Sonra bəy atdan yenib girdi həyətə və pilləkəni qalxıb girdi otağa. Bəyin qaravaşı bir qoca arvad çıxdı ağasının qabağına və dedi:
- Ay ağa, nə gec gəldin? Xanım səndən ötrü çox niyaran oldu.
Bəy xəncərin tiyəsini arvada göstərib dedi:
- Gülpəri, bu xəncəri soxaram sənin qarnına!