Mən istəyirəm ki, sizə qulluq eləyim. Mən istəyirəm, sizə nökərçilik eləyim. Sabah bizə gəlməsəniz, mən bu xəncəri soxaram qarnıma. Cənab naçalnik, səndən də çox təvəqqə eləyirəm, ay xanım, səndən də təvəqqə eləyirəm. Əfsər ağadan da təvəqqə eləyirəm. Anna İvanovna, qurban olsun sənə mənim canım, səndən də təvəqqə eləyirəm. Ağalar, xanımlar! Hamınızdan təvəqqə eləyirəm. Hər kəs gəlməsə, namərddir. Aman günüdü, özümü öldürərəm. Qurban olsun sizə mənim canım. Sağ olsun xanımlar. Urra!.. Urra!..
Bəy stəkanı çəkdi başına. Naçalnik siqarı damağına salıb üzünü tutdu pristavın xanımına və dedi:
- Gəlsənə sabah qonaqlığa gedək, Qurbanəli bəyə qonaq olaq?
Xanım baxdı ərinin üzünə və dedi:
- Mən çox xoşhallıqla gedərəm. Yaxşı olar. Bəyin arvadını da görərəm. Görərəm necə paltar geyir.
Əfsər də arvadından soruşdu:
- Gedərsənmi?
Arvadı dedi:
- Gedərəm.
Qonaqların biri də dedi ki:
- Əgər bəy bizə bir yaxşı müsəlman plovu versə, gedərəm.
Qurbanəli bəy “plov” sözünü eşitcək tez qalxdı ayağa və çığırdı:
- Necə plov? Necə plov? Atamın goru haqqı, sizə elə bir plov verərəm ki, ömrünüzdə yeməmiş olarsınız. Mənim aşpazım bişirən plovu kim bişirə bilər? İnanmırsınız, Kəblə Qasımdan soruşun. Hanı Kəblə Qasım? Kəblə Qasım, Kəblə Qasım!
Qurbanəli bəy başladı ucadan Kərbəlayı Qasımı çağırmağa: guya ki Kərbəlayı Qasım buradadır. Pristavın nökərlərindən biri içəri girib dedi ki, burada Kərbəlayı Qasım yoxdur. Bəy hirslənib nökərə dedi ki:
- Çağırın o axmaq oğlunu, gəlsin!
Nökər çıxdı getdi və bəy özü də qapıya tərəf yeridi. Pristavın arvadı bəyə dedi ki:
- Sən zəhmət çəkmə, nökərlər çağırarlar, gələr.
Bəy yenə başladı plovu tərifləməyə.
- Mən siznən mərc gələrəm. Həyə bir yanda elə plov yemiş olsanız, tüpürün mənim üzümə.
Qonaqlar güldülər. Naçalnik də gülə-gülə dedi:
- Ay bəy, söz yox ki, evdəki tərifli atını da bizə görsədərsən.
Qurbanəli bəy naçalnikə yavıqlaşıb hər iki əlini qoydu gözünün üstə və dedi:
- Bu gözlərim üstə, hansını bəyənsən, peşkəşdi. Lotu-lotuyana deyirəm, mən yalan-zad bilmənəm. Hansını xoşlasan, atamın goru haqqı, peşkəşdi sənə.
Nökər girdi içəri və dedi ki, Kərbəlayı Qasım yatıb. Bəy nökərin üzünə baxıb əvvəl dinmədi və sonra xəncərinin dəstəsindən yapışıb dedi:
- Get, o haramzadə oğlu haramzadəyə de ki, bu saat durub bura gəlməsə, bu xəncəri gedib soxaram onun qarnına!
Nökər çıxdı eşiyə. Pristavın arvadı bəyə üzünü tutub dedi: