Qonaqlar genə məşğul oldular yeməyə. Bir qədər keçəndən sonra xanımın əri pristav götürdü çaxır şüşəsini, əvvəl öz stəkanını doldurdu, sonra qonşularının stəkanını doldurdu və sonra ayağa durub dedi:
- Ağalar və xanımlar! Məlumdur ki, bir düşmən istəyə bizim üstümüzə hücum çəkə, bizi saxlayan qoşunlarımız olacaq. Buna cəhət mən içirəm bu stəkanı bizim qoşunlarımızın əfsəri Nikolay Vasilyeviçin və onun xanımı Anna İvanovnanın sağlığına.
Pristav bu sözləri deyib stəkanı uzatdı bır əfsərə və onun yanında oturan arvada tərəf. Qonaqlar da, habelə stəkanlarını çıqqıldadıb içdilər. Qurbanəli bəy də ayağa durub dolu stəkanını uzatdı əfsərə və arvadına tərəf dedi:
- Ay əfsər ağa, ay xanım, mən içirəm sizin sağlığınıza. Allah sizin kölgənizi bizim başımızın üstündən əskik eləməsin. Allah düşmən qabağında sizin qılıncınızı kəskin eləsin. Yəni mən bu sözləri ondan ötrü demirəm ki, düşməndən qorxuram. Hansı düşmən cürət eləyib mənim qabağıma çıxa bilər?! Bu xəncəri mən soxaram onun qarnına! Mən heç düşməndən qorxmuram. Sizin dövlətinizdən, mən heç kəsdən qorxmuram. Nə qədər canım sağdır, mən nökərəm sənin xanımına. Sağ olsun Anna xanım, urra!
Bəy çaxırı çəkdi başına.
Bu qayda ilə ağaların və xanımların bir-bir sağlığına içdilər. Hər dəfə Qurbanəli bəy dururdu ayağa, hərənin barəsində bir nitq söyləyir, bir dolu stəkan içirdi və otururdu.
Yavaş-yavaş çaxırın buxan qalxdı bəyin başına və lap axırda bəy bərk kefləndi.
Qonaqların hamısının sağlığına içəndən sonra qonaqlar başladılar Qurbanəli bəyin sağlığına içməyə.
Xanımlar bir-bir stəkanlarını uzadıb vurdular bəyin stəkanına. Qurbanəli bəy şadlığından az qaldı özündən getsin.
Qonaqların hamısı bəyin sağlığına içəndən sonra bəy stəkanı yuxarı qalxızıb dedi:
- Ağalar və xanımlar! Siz ki mənim sağlığıma içdiniz, qurban olsun sizə mənim canım. Mən ölənə kimi bu günü yadımdan çıxarmanam. Amma, ağalar, mənim sizdən bir xahişim var. Mən ölüm, mənim sözümü yerə salmayın. Mən sizin hamınızı sabah öz evimə qonaq təklif eləyirəm. Vallah, billah, atamın goru haqqı, mən bilmirəm necə sizin xəcalətinizdən çıxım! Mən lap əriyib yerə girirəm ki, bu qədər xanım mənim sağlığıma içsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığıma içsin? Mən bu xanımların ayağının torpağı da ola bilmənəm. Vallah, atamın goru haqqı, sabah bizə qonaq gəlməsəniz, mən özümü öldürərəm...