Ədəbiyyat tarixi bədii ədəbiyyatın qədim dövrlərdən başlayaraq bu günə qədər keçdiyi inkişaf yolunu öyrənir. Müxtəlif dövrlərdə özünü göstərən yeniliklər, mühüm ədəbi hadisələr, bunların səbəbləri araşdırılır və təhlil edilir.
Ədəbiyyat nəzəriyyəsi bədii ədəbiyyatın mahiyyətini, xüsusiyyətlərini, inkişaf qanunauyğunluqlarını və s. öyrənir.
Siz ədəbiyyat nəzəriyyəsinin bir sıra anlayışları (heca vəzni, hekayə, dastan və s.) barədə bilik qazanmısınız.
Ədəbi tənqid daha çox çağdaş ədəbi proseslə məşğul olur. Ədəbi tənqidin başlıca vəzifəsi yenicə çap olunmuş əsərin uğurlu və qüsurlu cəhətlərini, müəllifin yaradıcılığında, eləcə də ədəbiyyat tarixində tutduğu yeri, cəmiyyət üçün faydasını və s. ətraflı araşdırmaqdır.
Müzakirə edin:
Yazılı ədəbiyyatın inkişafını təmin edən başlıca amillər hansılardır?
Kitabxanadan və ya internetdəki mənbələrdən istifadə etməklə şifahi xalq ədəbiyyatının janrları barədə məlumat toplayın və təqdimat hazırlayın.