Şah I Abbasdan sonra hakimiyyətə gəlmiş nəvəsi I Səfinin hakimiyyəti
illərində (1629-1642) osmanlılarla sülh müqaviləsinin imzalanması
nəticəsində əmin-amanlığın yaranması və hərbi xərclərin azlığı
Səfəvi dövlətinin iqtisadi gücünü artırdı.
Ənənəvi sənətkarlıq sahələri daha da inkişaf etdi, istər qonşu,
istərsə də Qərbi Avropa dövlətləri ilə geniş ticarət əlaqələri
yaradıldı. Avropa ölkələrinə ixrac olunan mallar arasında Azərbaycan
ustalarının toxuduqları xalçalar xüsusi yer tuturdu.
Səfəvilərin Avropa dövlətləri ilə ticarət əlaqələri ölkənin iqtisadi
inkişafına necə təsir göstərirdi?
Səfəvi hökmdarı II Abbasın dövründə (1642-1666) Moskva çarlığının
təbəələri olan kazakların səfəvilərin ticarət karvanlarına hücumları
iki dövlət arasındakı münasibətləri gərginləşdirdi.
1653-cü ildə Şirvan bəylərbəyi Xosrov xanın başçılıq etdiyi Səfəvi
ordusu sayca bir neçə dəfə çox olan rus-kazak dəstələrini darmadağın
edərək Moskva çarlarının Şimali Qafqazda inşa etdirdiyi qalaları
dağıtdı.
Şah II Abbas