Xalqın tələbi ilə kral məhkəməyə verildi və 1649-cu ildə
məhkəmənin qərarı ilə edam olundu. Kral hakimiyyəti və Lordlar
palatası ləğv olundu. Kral hakimiyyətinin ləğv olunması ilə
Stüartlar sülaləsinin birinci dövrü başa çatdı. Bundan sonra
İngiltərə respublika elan olundu.
Respublika. İngiltərə respublikasını birpalatalı parlament
idarə edirdi. Ali qanunverici hakimiyyət parlamentə, icra
hakimiyyəti isə Dövlət Şurasına məxsus idi. Hər iki qurumda
burjuaziya və yeni zadəganlar üstünlük təşkil edirdi.
Respublikanın daxili və xarici siyasəti bu təbəqələrin maraqlarına
xidmət edirdi.
Hökumətin həyata keçirdiyi iqtisadi tədbirlər nəticəsində
burjuaziyanın və yeni zadəganların iqtisadi İmkanları artdı.
Ölkəyə yun və ipək parçaların gətirilməsi qadağan edildi.
İngiltərəyə və onun müstəmləkələrinə məhsullar İngiltərə
gəmilərində gətirilməli idi. Bu qanun Hollandiyaya qarşı
yönəlmişdi. İngiltərə Hollandiyadan geri qalırdı və xarici
ticarətdə onun gəmilərindən geniş istifadə edirdi. İngiltərə
hökuməti ticarət-müstəmləkə rəqabətində qalib gəlmək üçün güclü
donanma yaratmağa başladı.
İngiltərə respublikasının iqtisadi nailiyyətləri onun beynəlxalq
nüfuzunun artmasına kömək etdi. Belə ki İspaniya və Fransa onun
müstəqilliyini tanımış, Hollandiya və Portuqaliya ilə aparılan
müharibədə qalib gəlmiş və onlara üstünlüyünü qəbul etdirmişdi.
Kromvel başda olmaqla İngiltərə ordusu İrlandiyada hərbi
əməliyyatlar apardı. Kral tərəfdarları əhalisi katolik olan
İrlandiyanın imkanlarından İstifadə edirdilər. İngiltərənin
məqsədi İrlandiyanı İşğal etmək və orada kapitalizmin inkişafına
şərait yaratmaq idi.
İrlandiyanın işğalı burjuaziyanın və yeni zadəganların daha da
varlanmasına imkan yaratdı. İngiltərə ordusu tədricən inqilabi
ordudan işğalçı orduya çevrildi. İngiltərə ordusu İrlandiya ilə
eyni vaxtda Şotlandiyanı da tabe etdi.