Parlament hökumət tərəfindən vətəndaşların şəxsiyyət azadlığının
pozulmasına etiraz edir, İngiltərənin katolik İspaniyası və Fransa
ilə yaxınlaşmasına qarşı çıxırdı.
Parlamentdə müzakirə edilən əsas məsələ ölkənin siyasi sistemində
parlamentin rolu, kral hakimiyyəti ilə parlamentin
səlahiyyətlərinin bölüşdürülməsi məsələsi idi.
Müxalifətin əsas məqsədi İngiltərəni parlamentili monarxiyaya
çevirmək idi.
Stüartlar sülaləsi isə mütləqiyyətin möhkəmlənməsinə və
parlamentin özündən asılı olmasına çalışırdı. Buna görə də onlar
bir neçə dəfə parlamenti buraxmışdılar.
İnqilabın başlanması. Şotlandiya ilə aparılan dini
müharibələr İngiltərənin xəzinəsini xeyli boşaltmışdı. Xəzinəni
doldurmaq istəyən I Çarlz 1640-cı ildə vergiləri təyin etməyə
icazə almaq üçün parlamenti çağırdı. Lakin istəyinə nail ola
bilmədi.
Bu parlament 1653-cü ilə qədər fəaliyyət göstərdiyindən
"Uzunmüddətli parlament" adlanırdı. Krala tabe olmayan parlamentin
fəaliyyətə başlaması İngiltərədə inqilabın başlanmasının əyani
sübutu idi.
Siyasi böhran ölkənin hər yerində çıxışlara təkan verdi. Ölkə
əhalisi parlament və kral tərəfdarları olmaqla İki hissəyə bölündü.
Xalq parlamenti müdafiə etdi.
I Çarizm parlamenti yenidən çağırmaqda məqsədi nə idi?
Burjuaziya və yeni zadəganlar parlamentdə həlledici rol oynayırdı.
İngiltərə əhalisi parlamentin qərarlarını bəyənir və müdafiə
edirdi. Parlament ali qanunverici və icra hakimiyyətini əlində
cəmləşdirmişdi. Parlament kralın yeni vergilər təyin etməsi
hüququnu qadağan etmişdi. Parlamentin qərarı ilə siyasi məhbuslar
azad edilmişdi. Yeni qanuna əsasən parlament kralın iradəsindən
asılı olmayaraq, üç ildən bir çağırılmalı idi.