Mövcud vəziyyətdən narazı qalan burjuaziya və yeni zadəganlar
iqtisadi imkanlarına arxalanıb məqsədlərinə çatmağı mümkün hesab
edirdilər.
İngiltərənin iqtisadi və sosial-siyasi həyatındakı dəyişikliklər
dini sahədə
puritançıhğın
geniş yayılması ilə müşayiət edilirdi.
Puritanlar ingilis protestantlarıdır. Anqlikan kilsəsinin
dəbdəbəli kilsə ayinləri zamanı israfçılığa qarşı çıxan bidətçilər
İngiltərədə puritan adlanırdı.
Puritanlar anqlikan kilsəsinə qarşı çıxış edirdilər. Anqlikan
kilsəsinin bütün vəzifəli şəxsləri kral tərəfindən təyin edilirdi.
Kilsə dövlət tərəfindən maliyyələşdirilir və əhalidən 1/10 vergisi
alınırdı.
Puritanlar anqlikan kilsəsinin quruluşunu tənqid edir, bahalı
ibadətlərin ləğvini tələb edirdilər. Onların ucuz kilsə tələb
etməsi, qənaətcilliyi və təşəbbüskarlığı təbliğ etməsi
burjuaziyanın və yeni zadəganların mənafeyinə uyğun idi.
İqtisadi inkişaf İngiltərənin Hollandiya, İspaniya və Fransa ilə
rəqabətə girməsinə gətirib çıxardı. Ölkənin uğurları kapitalizmin
inkişafından asılı idi. Lakin köhnə iqtisadi sistemin qalması
mütərəqqi təsərrüfat formalarının inkişafını ləngidirdi. Ölkənin
iqtisadi və siyasi inkişafı yolunda əsas maneə mütləqiyyət idi.
İqtisadi, siyasi və dini ziddiyyətlərin kəskinləşməsi və
cərəyan edən hadisələr XVII yüzilliyin 30-cu illərinin sonunda
İngiltərədə inqilabi şəraitin yaranmasını göstərirdi.
Krala qarşı olan parlament müxalifəti açıq şəkildə sahibkarlıq
fəaliyyəti üçün azadlıq tələb edirdi. 1603-cü ildə hakimiyyətə
gəlmiş Stüartlar sülaləsi isə iri torpaq sahiblərinin mənafeyini
müdafiə edir və kral hakimiyyətinin möhkəmlənməsinə çalışırdı.
Stüartlar sülaləsinin ilk nümayəndəsi olan I Ceyms (1603-1625)
hesab edirdi ki, krallar ilahi hüquqa malikdir, yəni kral
hakimiyyəti Allah tərəfindən yaradılıb və bunun üçün də
parlamentin hakimiyyəti ləğv edilməlidir.
I Ceyms hakimiyyətin krallara məxsus olduğunu nə ilə
əsaslandırırdı?