Dünyanın hər yerindən minlərlə turisti Hindistana cəlb edən
möhtəşəm tikili Tac Mahal.
Tikintisinə 1631 -ci ildə başlanmış bu abidə Böyük Moğol
hökmdarı Cahan şah tərəfindən yoldaşı Mumtaz Mahalın xatirəsini
əbədiləşdirmək üçün inşa edilmişdir. Rəvayətə görə, Cahan şah
hələ 16 yaşında ikən kasıb bir qıza aşiq olaraq onunla ailə
qurur. Onlar 17 il birlikdə ömür sürürlər. Mumtaz Mahal 14-cü
uşağı dünyaya gətirərkən vəfat edir. Cahan şah yoldaşını
itirməklə barışa bilmir, xanımının gözəlliyini, ona sevgisini
təcəssüm etdirəcək məqbərə tikdirmək qərarına gəlir və bu işə ən
yaxşı memarları cəlb edir. Tikinti 20 il davam edir.
Tac Mahal sevgi rəmzi olmaqla yanaşı, həm də zərgərlik
incisidir. Tikili, əsasən, zümrüd, müxtəlif növ əqiq və digər
dəyərli daşlar, qızıl və gümüş ilə bəzədilmişdir. Bunlardan
əlavə, Tac Mahalın divarları 74 sapfir, 625 almaz, 144 rubin və
97 topaz daşları ilə bəzədilmişdir.
Ağ mərmərlə inşa edilən Tac Mahal 4 yüzillik yaşına baxmayaraq,
bu gözəl memarlıq incisi ona baxanları özünə heyran edir.
Türbəni gözəlləşdirən daha bir səbəb onun görünüşünün rənginin
dəyişməsidir. Yağış zamanı türbə şəffaf, səhərlər günəş çıxarkən
çəhrayı, gün batdıqda isə qızıl suyuna salınmış kimi olur.
1983-cü ildə Tac Mahal UNESCO-nun Dünya İrsi Siyahısına daxil
edilmişdir. Əlavə olaraq, məqbərə "Dünyanın Yeni Yeddi Möcüzəsi"
beynəlxalq siyahısına daxil edilmişdir.