İrakli bu müqaviləni imzalamaqla Səfəvilər dövründə olduğu kimi,
ancaq vergi verməklə kifayətlənərək Rusiya tərəfindən himayə
olunacağını təmin etmək istəyirdi. Lakin Rusiya bu müqavilənin
şərtlərinə Kartli-Kaxet hakiminin xarici siyasət yeritmək
hüququnun məhdudlaşdırılması, II iraklinin yaxın adamlarının
Peterburqa girov göndərilməsi və Tiflisdə rus qarnizonunun
yerləşdirilməsi haqqında bəndləri də əlavə etdi. Cəmi bir neçə
ildən sonra nə Rusiya, nə də II İrakli bu müqavilənin şərtlərinə
əməl etdi.
Georgiyevsk müqaviləsi Cənubi Qafqaz xalqlarının taleyinə necə
təsir göstərdi?
Qafqazı ələ keçirmək istəyən çar Rusiyasının növbəti
uğursuzluğu.
Çar Rusiyasının Şimali Qafqazda ələ keçirdikləri ərazilərdə
yürütdüyü müstəmləkəçilik siyasəti yerli xalqların - noqayların,
qumuqların, adıqların (çərkəzlərin), çeçenlərin kəskin müqaviməti
ilə qarşılandı. Volqaboyunda, Uralda və Sibirdə olduğu kimi,
Rusiya hakimiyyət orqanlarının Qafqazda da yerli əhalinin zorla
xristianlaşdırması siyasəti yürütməsi onların azadlıq
mübarizəsinin islam dini bayrağı altında aparılmasına səbəb oldu.