olduğunu bildirirdi. I Pyotr öz sarayında görüşdüyü gürcü və
erməni keşişlərinə isə onları "Osmanlı və Səfəvi zülmündən xilas
edəcəyini" bildirmişdi. Bu keşişlər çarı inandırmışdılar ki, rus
qoşunları Dağıstana girər-girməz 50 minlik erməni-gürcü ordusu I
Pyotra qoşulacaq.
Səfəvilərin Tiflis valisi VI Vaxtanqın çağırdığı məşvərət
şurasında gürcü əyanlarının əksəriyyəti Rusiya tərəfində
döyüşməkdən imtina etdi. Çoxluğun rəyini nəzərə almayan VI Vaxtanq
ona tabe olan qüvvələr və erməni dəstələri ilə birlikdə Qarabağa
soxuldu. Gəncə bəylərbəyinin və Səfəvilərə sadiq qalan gürcü
dəstələrinin birləşmiş qüvvələri VI Vaxtanqı darmadağın edərək onu
Tiflisdən qovdular.
Dağıstan istiqamətində cənuba doğru irəliləyən rus qoşunları qumuq
və çeçen döyüşçüləri tərəfindən darmadağın edildilər.
I Pyotrun Xəzərsahili ərazilərə xüsusi diqqət yetirməsinin səbəbi
nə idi?