Siz 7-ci siniflər üçün Ümumi tarix dərsliyində feodal
münasibətlərinin meydana gəlməsi, erkən feodal dövlətlərinin
yaranması, Şərqdə və Avropada siyasi pərakəndəliyin
xüsusiyyətləri, mərkəzləşdirilmiş dövlətlərin yaradılması, Böyük
coğrafi kəşflər, müstəmləkə işğallarının başlanması və dünya
mədəniyyətinin inkişafına təsir göstərən mühüm hadisələr barədə
biliklər əldə etmişsiniz. 8-ci sinif dərsliyində XVII-XVIII
yüzilliklərdə Dünya tarixində baş verən əsas tarixi faktlar və
proseslər öz əksini tapmışdır. Yeni ictimai-iqtisadi
münasibətlərin bərqərar olması müstəmləkələr uğrunda aparılan
kəskin mübarizə şəraitində baş verir. Burjuaziyanın öz hüquqları
uğrunda mübarizəsi, kapitalist münasibətlərinin inkişafı
inqilabların baş verməsi ilə nəticələnir. Monarxların mütləq
hakimiyyətinin devrilməsi demokratik dəyərlərin möhkəmlənməsinə
təkan verir. Hakimiyyət bölgüsünün baş verməsi və xalqın onun əsas
mənbəyi olması ideyasının formalaşması vətəndaş cəmiyyətinin
qurulması və hüquqi dövlətin yaradılması yolunda mühüm addım olur.
Siyasi, iqtisadi və mədəni sahədə baş verən yeniliklərdən
faydalanan Avropa dövlətləri Şərq ölkələrinə nisbətən daha böyük
nailiyyətlərə imza atırlar. Ümid edirik ki, 8-ci sinif Ümumi tarix
kursunda öyrəndikləriniz bilik və bacarıqlarınızın zənginləşməsinə
kömək edəcəkdir.
Bu şərəfli yolda sizə uğurlar arzulayırıq!