"Parçala və hökm sür" siyasəti yeridən çar hökuməti Volqaboyu və
Uralın müsəlman türkləri arasında xristian dinini yaymaqla onların
arasındakı birliyi pozmağa çalışırdı. Müsəlman torpaq
sahibkarlarının mülkləri əllərindən alınaraq xristianlığı qəbul
etmiş türklərə paylanırdı. Qədim türk dini inanclarına bağlı olan
çuvaşların vəziyyəti xüsusilə ağır idi. Onlar rus qalalarının
inşasında haqqı ödənilməyən işlərə və 25 illik hərbi xidmətə cəlb
olunurdular.
XVII yüzilliyin əvvəllərində xristianlığı qəbul etmiş türklər çar
Rusiyasının xeyli hissəsini, o cümlədən Moskvanı işğal etmiş Polşa
qoşunlarının qovulmasında yaxından iştirak etmişdilər.
Polşalıların Moskvadan qovulmasından dərhal sonra Rusiyada çar
taxtına çıxarılacaq namizədlər içərisində Qazan xanının varisləri
də var idi. Romanovlar sülaləsindən çar seçilməsinə imza atmış
əyanlardan bir neçəsi türk əsilli olmuşdur.