Hərbi Mühəndislik məktəbinin fəaliyyəti daha da gücləndirildi və
donanmanın dəniz döyüşlərindəki yeni texniki tələblərə uyğun
qurulmasına başlanıldı. Ordu quruculuğundakı yeniliklər Misirə
soxulmaq istəyən Napoleonun Əhməd paşanın başçılıq etdiyi Osmanlı
ordusu tərəfindən geri oturdulmasında mühüm rol oynamışdı.
Sonradan bu məğlubiyyətlə bağlı Napoleon demişdi: "Tale məni bir
qocanın (Əhməd paşa nəzərdə tutulur- red.) əlində oyuncağa
çevirdi".
Avropa üsulu ilə qurulmuş yeni orduya daha çox üstünlük verilməsi,
bunun üçün xüsusi xəzinədarlıq təsis edilməsi yeniçəriləri narahat
etməyə başladı. Bir tərəfdən yeniçərilər, digər tərəfdən
mühafizəkar din xadimləri və saray əyanları xalqın yeni ordu üçün
yaradılan xəzinəyə toplanan vergidən narazı olmasından istifadə
edərək üsyan qaldırdılar.
III Səlimin yeniçərilərin bir qoşun növü kimi ləğv edilməsində və
üsyanı yatırtmaqda qətiyyətsizlik göstərməsi onun hakimiyyətdən
uzaqlaşdırılması ilə nəticələndi.