Avropanın qabaqcıl ölkələrində daimi fəaliyyətə başlayan Osmanlı
səfirlikləri orada baş verən prosesləri yaxından izləyir və sultan
sarayına məlumatlar göndərirdilər.
III Səlim Osmanlının son dövrlərdə Rusiya ilə apardığı
müharibələrdə məğlub olmasının əsas səbəbini ordunun yeni dövrün
döyüş üsullarının tələblərinə cavab verməməsində görürdü. Sultanın
verdiyi fərmanla hərbi vəzifəsini layiqincə yerinə yetirməyən
hərbçilərə verilmiş timar və ziyamətlər geri alındı. Yeniçərilərə
3 aydan bir əlavə maaşlar verilməsi qadağan edildi. Avropa
nümunəsində silahlanmış və təlim görən yeni hərbi hissələr
yaradıldı.
Bu hissələrdə xidmət edən hərbçilərin maaşlarının ödənilməsi üçün
xüsusi xəzinədarlıq təsis olundu. Yeni qumbaraçı məktəbi açıldı.
Bu məktəbin nəzdində istehkamlar qurulması ilə məşğul olan
hərbçilərin hazırlanılması nəzərdə tutulurdu. Orduda hərbi
təlimlər keçirilməsinin sayları artırıldı.