I Mahmud "Lalə dövrü"ndən fərqli olaraq, ordu quruculuğuna xüsusi
diqqət yetirirdi. O, Nadir şah Əfşarla sülh müqaviləsi
imzaladıqdan sonra əsas gücünü Avstriyaya qarşı yönəltdi.
Balkanlarda ağır məğlubiyyətə uğrayan Avstriya sülh istəməyə
məcbur oldu, imzalanan müqavilə əsasında Osmanlı dövləti
Balkanlarda İtirdiyi ərazilərin xeyli hissəsini geri qaytara
bildi. Bu işdə I Mahmudun təşəbbüsü ilə dünya hərb tarixində ilk
dəfə qumbara atanlardan ibarət ayrıca qoşun növünün -
"Qumbaraçılar ocağı"nın təşkil edilməsi böyük rol oynamışdı.
Qumbaraçı. "Qumbara" sözü ("xum-e para") İçərisinə pul qoyulan
kiçik "küp qab" deməkdir. Osmanlıda hər biri 25 nəfərdən ibarət
olan 600 nəfərlik qumbaraçılardan ibarət xüsusi "Qumbaraçılar
ocağı" yaradılmışdı. Bu ocağın yaranmasında İslamı qəbul etdikdən
sonra Qumbaraçı Əhməd paşa adını almış fransız Bonnevalın böyük
xidmətləri olmuşdur. O, Osmanlı tarixində ilk dəfə Topçu
məktəbinin açılmasına nail olmuşdu. Qumbaralar əl, yaxud da
minaatanlar vasitəsilə atılırdı.