Bundan qorxuya düşən Avstriya, Malta, Venesiya və Reç Pospolita
1684-cü ildə Roma papasının təşəbbüsü ilə Osmanlıya qarşı "Müqəddəs
birlik" adlı xaçlı ittifaqı təşkil etdi. İki il sonra bu birliyə
Rusiya da qoşuldu.
Çoxsaylı ordu ilə Osmanlı torpaqlarına hücum edən müttəfiqlər
Osmanlını şərqdən də müharibəyə cəlb etmək üçün "Müqəddəs birliy"ə
qoşulmaq təklifi ilə Səfəvi sarayına elçilər göndərdilər. Səfəvi
hökmdarı Süleyman şah onlara: "Biz zor günündə qan və din
qardaşlarımızı arxadan vurmayacağıq", - cavabını verdi.
XVII yüzilliyin sonlarında "Müqəddəs birlik" dövlətləri ilə müxtəlif
cəbhələrdə müharibə aparan Osmanlı dövləti məğlub olaraq Avropada
xeyli ərazilər itirdi.
Bununla da Osmanlı dövləti "durğunluq" dövründən "geriləmə" dövrünə
qədəm qoydu.
XVII yüzilliyin II yarısında Osmanlı dövlətinin xarici siyasətinə
aid cədvəli doldurun.
Tutulan ərazilər |
İtirilən ərazilər |
|
|
Osmanlı dövləti geriləmə dövründə. 1703-cü ildə
taxta çıxan III Əhməd Osmanlının beynəlxalq aləmdə itirilmiş
nüfuzunu bərpa etmək üçün tədbirlər görməyə başladı. Rusiyanın
cənuba doğru artan təcavüzünün qarşısı alındı. Belə ki 1711-ci ildə
I Pyotrun "Prut yürüşü" adlandırdığı hücum rus qoşunlarının Osmanlı
ordusu tərəfindən mühasirəyə alınması və məğlub edilməsi ilə
nəticələndi. I Pyotrun Osmanlı sədrəzəminin qərargahına göndərdiyi
rus elçiləri barışıq imzalanmasına nail oldular.
Prut müqaviləsini Osmanlı dövləti üçün uğur hesab etmək olarmı?