Mərkəzi hakimiyyətin nüfuzdan düşməsinin əsas səbəbi taxta çıxan
hökmdarların səriştəsiz olması idi. Belə ki əvvəllər hökmdar
olacaq şəxs vilayətlərə başçılıq edərək təcrübə qazandığı halda,
indi onlar
"qəfəs üsulu"
ilə tərbiyə olunurdu.
"Qəfəs üsulu". I Əhmədin (1603-1617) dövründə taxta çıxan
hökmdarın qardaşlarını fiziki cəhətdən aradan qaldırması qaydası
ləğv olunaraq "Qəfəs üsulu" tətbiq edilməyə başladı. Bu üsula
əsasən taxta çıxacaq vəliəhd saray hərəmxanasında yaşayır və
mühafizlər adlanan xüsusi dəstə tərəfindən qorunurdu.
Taxta çıxarılan azyaşlı hökmdarların analarının - validə
sultanların dövlət işlərinə qarışmaları, sultanların hərbi
yürüşlərdə ordunun başında olmaması, rəhbər vəzifələrə təyin
olunma zamanı rüşvətin artması, sədrəzəmlərin (baş vəzirlərin)
tez-tez dəyişdirilmələri də dövlət idarəçiliyinin zəifləməsinə
səbəb olurdu. Əhalinin xeyli hissəsi ehtiyac içərisində yaşadığı
halda, sarayda dəbdəbəli tədbirlərin keçirilməsi, hüquq
sistemindəki özbaşınalıq xalqın dövlətə olan inamını azaldırdı.
"Qəfəs üsulu"nu əvvəlki sistemlə müqayisə edin.
Osmanlı iqtisadiyyatının zəifləməsinin müxtəlif səbəbləri var idi.
Sultanların tez-tez dəyişdirilməsi zamanı
"cülus bəxşişləri"nin* artırılması, sultan
sarayının məsrəflərinin çoxalması kəndliləri var-yoxdan
çıxardırdı. Yeni taxta çıxan sultan əvvəlki sultandan fərqlənmək
üçün daha çox hədiyyələr paylamağa çalışırdı.
Cülus bəxşişi yeni taxta çıxan (cülus edən) sultanın istər
mülki, istərsə də hərbi məmurlara payladığı hədiyyədir.
Böyük coğrafi kəşflər nəticəsində ticarət yollarının dəyişməsi,
gömrük rüsumlarının azaldılması yerli istehsalçıların müflis
olmasına səbəb olurdu. Nəticədə Osmanlı pulları da dəyərdən
düşürdü.
Osmanlı pullarının dəyərdən düşməsinə səbəb nə idi?
İqtisadi durğunluq ordunun da zəifləməsinə gətirib çıxarmışdı. Digər
tərəfdən əsgərlikdə olmayanlar da təminatlarını yaxşılaşdırmaq üçün
Osmanlı ordusunun əsas zərbə qüvvələrindən olan "Qapıpulu ocaqları"na
yazılıb imtiyazlardan faydalanırdılar. "Ocaq dövlət üçündür"
əvəzinə, artıq "dövlət ocaq üçündür" şüarları irəli sürülürdü.
Osmanlı ordusunda Avropadakı kimi yeniliklər tətbiq olunmur, donanma
get-gedə zəifləyirdi.
Kənd əhalisi öz təhlükəsizliyini təmin etmək üçün şəhərlərə köçürdü.
Nəticədə kənd təsərrüfatı mallarının istehsalı azalır və şəhərlərdə
işsizlik artırdı.
Mədrəsələrdə dünyəvi biliklərə üstünlük verilməməsi,
"beşik alimliyi*" sisteminin tətbiqi elm və
təhsilin geridə qalmasına səbəb olurdu.
"Beşik alimliyi". XVI yüzillikdən tətbiq edilən bu sistemə
görə "alimin oğlu alimdir" hesab olunur, təhsillə yanaşı, bu
sistemdən dövlət idarəçiliyində də istifadə olunurdu.
"Beşik alimliyi" sisteminin mənfi cəhətləri nədən ibarətdir?
Bu səbəblərə görə Səfəvilər, Avstriya və Rusiya kimi güclü
dövlətlərlə həmsərhəd olan Osmanlı dövləti daha öz sərhədlərini
genişləndirmək gücündə deyildi. Xüsusilə də Böyük coğrafi kəşflər
nəticəsində zənginləşən, hərbi işdə get-gedə üstünlük qazanan və
mərkəzi hakimiyyətin gücləndiyi Avropa ölkələri ilə müqayisədə
Osmanlı geridə qalmağa başladı.