Böyük Moğol dövlətinin tanınmış şahlarından olan Evrəngzib
(Aurangzeb) (1658-1707) 89 il yaşamışdı. O, görkəmli şəxsiyyət
idi. Hələ uşaqlıq vaxtlarından etibarən şəxsi şücaətləri,
qətiyyəti və əməksevərliyi ilə seçilirdi. Evrəngzib atasının
tapşırığına əsasən 16 yaşından etibarən mühüm dövlət işlərini
yerinə yetirməklə taxta çıxanadək böyük hərbi, idarəetmə və
diplomatik təcrübə qazandı. Onun savadı və iti ağlı müasirlərini
heyran edirdi. Ərəb və fars dilində sərbəst danışan və gözəl xətlə
yazmağı bacaran Evrəngzib doğma urdu dili ilə yanaşı, hindi dilini
də bilirdi. Yalnız elmi və dini ədəbiyyatı oxuyan şah təsviri
incəsənətə dəyər vermir, poeziyanı sevmədiyi üçün onu oxumağı vaxt
itkisi hesab edirdi. Musiqiyə nifrət etdiyi üçün bu əsərlərin
sarayda ifa olunmasını qadağan etmişdi.
Evrəngzib sadə həyat tərzi sürür, heç bir əyləncə ilə məşğul
olmur, bütün dini qaydalara əməl edirdi. Şəxsən Quranın üzünü
köçürür və ancaq bu işi ilə əldə etdiyi qazancını xərclədiyi üçün
fəxr edirdi. Qalan bütün vaxtını idarəçiliyə və müharibəyə həsr
edən şah hərbi səfərin bütün çətinliklərini əsgərlərlə bölüşürdü.
Bütün məktubları əyanlara, əyalət hakimlərinə, hətta kiçik
idarəedicilərə göndərilən göstərişləri şəxsən özü hazırlayırdı.