1785-ci ildə Zəndlər üzərində qələbə qazanan Ağa Məhəmməd xan
Qacar qısa bir müddət ərzində Azərbaycanın cənub xanlıqlarını və
İranın xeyli hissəsini özünə tabe etdi.
Qacarlar bölgədə siyasi hakimiyyətin türklərin əlində
saxlanılmasına nail oldular. Onların da keçmiş Türkmən xanədanları
kimi Oğuz elinə və Oğuz boylarına maraq göstərdikləri aydın
görünürdü.
Ordusunun əsas hissəsini qızılbaş türkmanlar təşkil edən Ağa
Məhəmməd xan Qacar onların keçmiş qüdrətini bərpa etmək üçün
1794-cü ildə Zəndlər sülaləsinin sonuncu nümayəndəsini
hakimiyyətdən uzaqlaşdırdı.
Zəndlər sülaləsinin hakimiyyətinə son qoyulmasının tarixi
əhəmiyyəti nədir?
Ağa Məhəmməd xan Qacar Qızılbaş Səfəvi və Əfşar dövlətlərinin
tarixi sərhədlərini tam bərpa etmək üçün Cənubi Qafqaz üzərinə
yürüşə başladı. 1795-ci ilin əvvəllərində İrəvanı tutan Ağa
Məhəmməd xan ordusunun bir hissəsini Şuşanın mühasirəsində
saxlayıb, Tiflis üzərinə hücum etdi.
Ağa Məhəmməd xan Qacarın Gürcüstandakı Rusiya valisinə yazdığı
məktubda deyilirdi:
"Zati-aliniz gözəl bilir ki, yüz illər boyu bizə tabe olmusunuz.
İndi isə təəssüflə bildiririk ki, əllərindən ticarətdən başqa, heç
nə gəlməyən ruslara qoşulmusunuz... Sizdən istəyimiz budur ki,
ruslarla əlaqələrinizi kəsəsiniz. Əgər buna əməl etməsəniz,
Gürcüstana qarşı hərbi əməliyyata başlayıb, rusların və gürcülərin
qanından Kür boyda çaylar yaradacağıq...
Gürcüstan əyaləti Səfəvi dövlətinə tabe idi... Biz fars
əyalətlərinin fəthi ilə məşğul olduğumuzdan bu bölgəyə
yaxınlaşmırdıq. İndi fars əyalətlərinin çoxu bizim ixtiyarımıza
keçdiyi üçün siz indi keçmişdəki kimi Gürcüstanı dövlətimizin bir
hissəsi hesab edib əzəmətlə hüzurumuza çıxmalısınız. İtaətə razı
olsan, Gürcüstan valisi olaraq qala bilərsən. Əgər bunu etməsən,
səninlə də başqaları kimi davranılacaq".