parçalandı. Böyük dövlət xadimi olan Nadir şah Makedoniyalı
İskəndər və Napoleonla eyniləşdirilir, "Şərqin son fatehi"
adlandırılır.
Nadir şahın ölümündən sonra hakimiyyət uğrunda Azərbaycan
tayfaları olan əfşarlar, qacarlar və fars mənşəli zəndlər arasında
kəskin mübarizə başladı. Şirazda möhkəmlənən Kərim xan Zənd bir
çox Azərbaycan hakimlərini də hiylə ilə öz tərəfinə çəkməyə nail
oldu.
Kərim xan Zənd yanında faktiki olaraq əsir kimi saxladığı
Səfəvilər nəslindən olan şahzadəni III İsmayıl adı ilə "şah" elan
edərək, İranın mərkəzi vilayətlərini "dövlət vəkili" adı ilə idarə
edirdi. Azərbaycan hakimləri arasındakı çəkişmələrdən istifadə
edən Kərim xan Zənd əvvəlcə Məhəmməd Həsən xan Qacarı, daha sonra
isə urmiyalı Fətəli xan Əfşarı mübarizədən kənarlaşdıraraq
Azərbaycanın cənub ərazilərinin də xeyli hissəsini ələ keçirdi.