Volfqanq Amadey Motsart Avstriyanın Zalsburq şəhərində doğulmuşdu.
Beş yaşı olanda fövqəladə
musiqi istedadına malik Motsart haqqında söhbətlər bütün Avropaya
yayılmışdı. Onun qeyriadi
ifaçılıq ustalığı, fitri istedadı təkcə musiqi həvəskarlarını
deyil, eləcə də məşhur bəstəkarları
heyrətləndirirdi. Bir çoxları etiraf edirdilər ki, bu oğlan
onların hamısını kölgədə qoyacaq.
Bu dahi oğlan haqqındakı hekayətlər əfsanəyə bənzəyirdi. Qəzetlər
onun Almaniya, İngiltərə,
İsveçrə, İtaliya və Fransadakı qeyri-adi konsertləri barədə
məlumat verirdi. Fransızlar 6 yaşlı bəstəkara
hörmət əlaməti olaraq onun əsərlərinin not yazılarını kitabça
halında nəşr etdirmişdilər. Motsart
çox işləyirdi. O, bəzən gündə iki konsert verir, gecələr isə
musiqi bəstələməyə məcbur olurdu.
Hələ 14 yaşında ikən akademiyaya üzv seçilən Motsart Avropa
ölkələrinin musiqisi ilə yaxından tanış
olmuşdu. Ümumiyyətlə, başqa xalqların nəğmələri xoşuna gəlirdi.
Motsartın "musiqi səyahətləri"
onun üçün ciddi və mühüm məktəb idi. Sonralar o yazırdı: "Heç kim
musiqi bəstələmək
qanunlarının öyrənilməsinə mənim qədər əmək sərf etməyib. Mən
bütün məşhur bəstəkarların
musiqi əsərlərini böyük səy və diqqətlə öyrənmişəm".
Motsartın ilk müəllimi atası olub. O, məşhur pedaqoq, bəstəkar və
əla skripkaçı, çox işgüzar, lakin
xasiyyətcə bir qədər soyuq təbiətli adam idi. Volfqanqa daha çox
anasının xasiyyəti keçib. O, hər
şeyə tez inanan, adamlarla asanlıqla dil tapan, məişət
məsələlərindən az baş çıxaran insan idi.
Motsart vəzifə və pul xatirinə zadəgan və əyanlar qarşısında
əyilməmiş, saray musiqiçisinin nökər
vəziyyəti ilə heç vaxt barışmamışdı.
O, 26 yaşında ikən doğma Zalsburqu tərk edib, Vyanada müstəqil
həyata başlayıb. Əsil musiqi
həvəskarları Motsartın bəstələdiyi simfoniyalar və sonatalara,
"Fiqaronun toyu", "Don Juan", "Sehrli
fleyta" operalarına valeh idilər.
Motsart öz vətəninin musiqisini yüksəklərə qaldırmaq arzusunda
idi. Lakin onun rəqibləri Motsartın
yaradıcılıq fəaliyyətini məhdudlaşdırmağa cəhd göstərirdilər.
Daim maddi ehtiyac və mənəvi sıxıntı içərisində yaşaması, haqsız
təhqirlərə məruz qalması Motsartın
səhhətini pozub və onun erkən ölümünə səbəb olub. Dahi bəstəkar
Vyanada dəfn olunub.