Maarifçilər öz təbliğatlarında insanları savadlandırmaq, onlarda
fikir azadlığı formalaşdırmaq, müstəqil düşüncə tərzi, cəsarət
tərbiyə etmək məqsədi güdürdülər.
Bu dövrdə İngiltərədə Lokk, Almaniyada Höte, Fransada Monteskyö,
Volter, Didro, Russo kimi mütəfəkkirlər yetişdi.
Maarifçilik mədəniyyəti öz elmliliyi ilə fərqlənirdi. Alimlərin
əməyi sayəsində elmi idrakın və dünyagörüşün əsası qoyuldu. Təbiət
hadisələrinin təbii başvermə səbəblərini izah etmək zərurəti dərk
edildi.
Avropa maarifçilərinin əsas məqsədləri nə idi?
Təhsil. XVII—XVIII yüzilliklərdə maarifçilik ideyalarının
geniş yayılması Avropada təhsilin inkişafına böyük təsir göstərdi.
İngiltərədə olan klassik tipli tədris müəssisələri qrammatika
məktəbləri idi. Bu məktəblərin arasında London, Vestminster və
başqaları daha çox fərqlənirdi. Belə böyük məktəblərdə oxuyan
şagirdlərin sayı bəzən 3000 nəfərə çatırdı. İngilis qrammatika
məktəbləri, onların bir növü olan kütləvi məktəblər şəhər məktəb
və gimnaziyalarının mənsub olduğu eyni tip tədris müəssisələrinə
daxil idi.