Şərqi Gürcüstanın Rusiyanın himayəsinə keçməsi ardınca Yassı
müqaviləsi ilə Osmanlı dövlətinin zərərsizləşdirilməsi Rusiyanın
Azərbaycana siyasi təsirini gücləndirdi. Azərbaycan inkişaf
etməkdə olan Rusiya manufaktura sənayesi üçün ən əlverişli xammal
mənbəyi və satış bazarı ola bilərdi. Azərbaycan həm də öz coğrafi
mövqeyinə görə Rusiyanın Şərq ölkələri ilə yaratmaq istədiyi
iqtisadi əlaqələr üçün də əsas hərbi-strateji məkan idi. Rusiya bu
maraqlarını həyata keçirmək üçün Qacar təhlükəsini bəhanə edərək
1796-cı ildə Cənubi Qafqaza qoşun yeritdi. Ancaq II Yekaterinanın
ölümü və hakimiyyətə gələn oğlu I Pavelin rus qoşunlarını geri
çəkməsi Rusiyanın planlarını yarımçıq qoydu.
Sizcə, XVIII yüzillik ərzində Rusiya nəzərdə tutduğu məqsədlərini
həyata keçirə bildimi? Fikrinizi əsaslandırın.