Bu dövrdə Rusiyanın xarici siyasətində işğalçılıq meyilləri xeyli
artdı. Rusiyanın xarici siyasətinin ana xəttini Qara dəniz
sahillərinə yiyələnmək təşkil edirdi.
XVIII yüzilliyin ortalarında Rusiyanın Polşa torpaqlarının bir
hissəsini ələ keçirməsi və burada qüvvətlənməsi Rusiya ilə Osmanlı
arasında münasibətləri kəskinləşdirdi. İngiltərə və Fransa da baş
verən hadisələrə Osmanlı vasitəsilə müdaxilə etmək istəyirdi.
Onlar Osmanlı dövlətini inandırdılar ki, Rusiyaya qarşı müharibəyə
başlasa, ona kömək edəcəklər. Beləliklə, Osmanlı dövləti İngiltərə
və Fransanın təhriki ilə 1768-ci ildə Rusiyaya müharibə elan etdi.