I Pyotrun islahatları. Rusiyanın Avropa ölkələrindən
geriliyi və Şimal müharibəsinin ilk illərində məğlubiyyəti
islahatlar keçirilməsini zəruri edirdi.
I Pyotr hərbi islahatlara başladı. Qoşunların toplanması rekrut
(əsgər) qaydası ilə həyata keçirildi. Rusiyada güclü daimi ordu və
ilk hərbi donanma yaradıldı. Ordunun əsasını daimi piyada
və süvari birləşmələri təşkil edirdi.
Silah istehsalının genişləndirilməsi üçün metallurgiya
manufakturaları tikildi. Metallurgiyanın inkişafı artilleriyanın
da inkişafına səbəb oldu. Süngülü tüfənglərin istehsalına
başlanıldı.
XVIII yüzilliyin birinci yarısında idarəetmə orqanlarında da
islahatlar keçirildi, islahatların əsas mahiyyəti mütləqiyyətin
dayağı olan zadəgan- məmur sistemini formalaşdırmaq idi. Əvvəlki
idarəetmə orqanları sıradan çıxarılır, yeniləri ilə əvəz olunurdu.
Bunlardan əhəmiyyətlisi icra və məhkəmə səlahiyyətləri olan Senat
idi. Senatın üzvləri çar tərəfindən təyin olunurdu. Sonradan bu
qurumun səlahiyyətləri artırılaraq dövlət orqanlarına nəzarət
etməyə başladı.
I Pyotr mədəni sahədə də islahatlar keçirdi. Rusiya tarixində ilk
dəfə teatr, qəzet, dövlət kitabxanası və Elmlər Akademiyası
yaradıldı. Təqvim və əlifba islahatlarının keçirilməsi də I
Pyotrun adı ilə bağlıdır.
I Pyotrun hakimiyyəti illərində xarici ticarət xeyli
genişlənmişdir. Ölkə daxilində istehsalı gücləndirmək üçün dövlət
himayə siyasəti həyata keçirir, xaricdən gətirilən məhsullara
yüksək gömrük haqqı tətbiq edirdi.
I Pyotrun ticarətin inkişafı üçün atdığı addımları XVII yüzilliyin
ortalarında qəbul edilən ticarət qanunları ilə müqayisə edin və
ümumi cəhətlərini müəyyən edin.
I Pyotrun islahatları Rusiyanın Avropa ölkələrindən geriliyini
xeyli azaltdı. İnzibati dəyişikliklər isə mütləq monarxiyanın
formalaşmasını başa çatdırdı.