başlamışdı. Siyasi və daha çox iqtisadi sahələrdə olan əməkdaşlıq
Fransanın xeyrinə idi.
XVIII yüzilliyin sonlarında Fransa Avropanın böyük dövləti imicini
qoruyub saxlamışdı. Lakin onun daxilində baş verən proseslər
ölkədə yeni və daha böyük hadisələrə gətirib çıxardı.
Bu, 1789-cu ildə başlayan "Böyük inqilab" idi.
XVIII yüzilliyin başlanğıcında Fransada mütləqiyyət ən yüksək
zirvəyə çatmışdı. Kral ölkənin mütləq hakimi idi, bütün dövlət
qurumları onun əlində cəmləşmişdi. XIV Lüdoviq bunu belə ifadə
edirdi: "Dövlət mənəm!" Bununla bərabər, mütləqiyyət xalqın
maraqlarından daha çox diqqətini xarici siyasətə yönəltmişdi.
Nəticədə XIV Lüdoviqin hakimiyyətinin sonuna yaxın Fransanın
daxili çöküşü başlasa da, kralın şəxsi nüfuzu ilə bu, bir müddət
gecikdi. XIV Lüdoviqdən sonra hakimiyyətə gələn kralların zəifliyi
labüd çöküşü və parçalanmanın qarşısını ala bilmədi, əksinə, onu
sürətləndirdi. Buna baxmayaraq, krallar ətrafı ilə birlikdə
dəbdəbəli həyat yaşamaqda davam edirdi. Bu da xalqın mütləqiyyət
quruluşuna nifrətini çoxaldırdı. Beləliklə, XVIII yüzilliyin
sonlarında dövlətlə xalq arasında münasibətlər daha da pisləşdi.
Digər tərəfdən, dövlətin xarici siyasətdəki uğursuzluqları
Fransada iğtişaşları daha da artırdı və mütləqiyyətə qarşı olan
ideyaları gücləndirdi. Fransız mütəfəkkirləri bu məsələdə mühüm
rol oynayırdılar.
Maarifçilik. Avropada İntibah dövrü və Reformasiya hərəkatı
nəticəsində yaranan fikirlər XVIII yüzillikdə yeni düşüncə
formalarının yaranmasına mühüm təsir göstərmişdi.
İntibah dövründə insan düşüncəsi formal çərçivədən çıxmış və
sərbəst inkişaf etməyə başlamışdı. Reformasiya isə insan
düşüncəsinin dini çərçivədən müəyyən qədər azad olmasına səbəb
olmuşdu.
Cəmiyyət sosial bərabərsizliyə əsaslanan bir quruluşda yaşamaqda
davam edirdi. Lakin Fransada düşüncə sahəsində baş vermiş böyük
irəliləyişlər cəmiyyətə də təsir etdi.
XVIII yüzilliyin Fransada sürətlə yayılmağa başlamış yeni
düşüncə forması Maarifçilik