31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis
edilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda
başlayan milli azadlıq mübarizəsinin ən gərgin vaxtında Heydər
Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında
birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və
strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etdi. Həmin
dövrdə Ulu öndər tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyası
Azərbaycanın dünya birliyinə
inteqrasiyasının təməl
sütunlarından biri oldu. Məhz
Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabr ayının 16-da
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya
azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” tarixi
qərarı qəbul etdi. Bu qərara əsasən dekabrın 31-i Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi.
Beləliklə, dünyanın 70-dən yuxarı ölkəsinə səpələnən 50
milyondan çox azərbaycanlının vahid azərbaycançılıq ideyası
ətrafında birləşdirilməsinin və milli
diasporomuzun formalaşdırılmasının əsası qoyuldu.
1992-ci ildə Azərbaycan Respublikasının parlamenti 31 dekabrın
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasına
dair qərar qəbul etdi. 1993-cü
ildə isə Azərbaycan Prezidentinin fərmanı ilə 31 Dekabr Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmi bayram elan
edildi. Bu tarixi gün ayrı-ayrı ölkələrdə yaşayan
azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və
həmrəylik yaratmaq işində mühüm rol oynayır.