İllərlə yanaşı yaşamış, ocağında közü olmayanda közü, təknəsində çörəyi olmayanda çörəklərini paylaşmış iki qonşu var idi. Xeyirlərində, yaslarında ortada olan çəpərlərini sökmüşlər, həyəti həyətə qatmışlar, sevinci, hüznü birlikdə yaşamışlar.
Bir gün azğın düşmən kəndə girir. Qonşunun birində xəstə qoca, körpə uşaqlar, o birində isə özlərini xilas etməyə fiziki gücü olanlar var idi. Ağlar gözlə, böyük dərdlə evlərini tərk etmək istərkən birdən ailə böyüyünün yadına xilas olmağa, uzaqlaşmağa gücləri yetməyən qonşusu düşür: “Dayanın! Qonşumuz qaldı. Yaşayacağıqsa, bir yaşayacağıq, öləcəyiksə, bir öləcəyik. Qocanı qucağınıza götürün, uşaqları kürəyinizə alın: biz onları düşmən əlində buraxa bilmərik. Onlar bizim axirət qonşularımızdır”.
Bu, sevincini, kədərini bir yaşayan, həmvətənlərinin ölümünə yol verməyən qonşuların birliyi, həmrəyliyi idi.