Mən olardım on yaşında. Xalam azarlamışdı. Hacı Mirzə Səttar həkimi gətirmişdilər ki, baxsın xalama və müalicə etsin. Həkim xalama baxdı, bilmirəm, nə dedi, nə demədi və faytona minib gedəndə xalamın əri tələsik mənə bir qəpik verdi və bazara buz dalınca göndərdi.
Evimizdən ayrılanda çox da tələsmirdim, amma xalamın yalvarmağı yadıma düşəndə bir qədər ayaq götürdüm. Mən üz qoydum bazara tərəf. Baqqal çarşısına yetişdim və bir qəpiyi uzatdım verdim buz satana. O da bir çuxur yerə əlini uzatdı, yarpaqların və samanın altından bir yekə buz parçası çıxartdı, mənim qəpiyimə baxdı və buzu iki yerə böldü. Buzun yekəsini bükdü kələm yarpağına, verdi mənə.
Hava isti idi. Yerdən təmiz bir daş götürdüm. Hərdən buzun bir böyrünə vurub əzirdim və basırdım ağzıma. Gəldim çatdım Hacı Bayramın qapısına. Oğlu Şirəli görünmürdü. Mən adətkərdə olmuşdum. Adətim də bu idi ki, bu darvazanın ağzından ötüb keçəndə mütləq Şirəli ilə ya dalaşmalı, ya da söyüşməliydim. Yerdən bir daş götürdüm, birini tulladım onların darvazasına və it hürüşü eşidib qaçdım. Bir qədər uzaqlaşmışdım ki, çönüb geriyə baxdım və gördüm ki, itin dalıyca Şirəli də mənə hücum edir. Buzu qoydum yerə. Yerdən daşları götürüb başladım Şirəliyə atmağa. Biz başladıq bir-birimizə yavıq gəlməyə. Ehtiyat üçün buz parçasını qoydum divarın dibinə.