...Çoxdanın əhvalatıdır. İnstitutda oxuduğum vaxtlar idi. Xoş bir təsadüf nəticəsində maestro Niyazinin evində ziyafətdə iştirak etmək xoşbəxtliyi mənə nəsib olmuşdu.
Maestro Türkiyədən təzəcə qayıtmışdı. O, bir il idi ki, İstanbulda Çaykovskinin “Qaratoxmaq qadın” operasını tamaşaya hazırlayırdı. Bütün ziyafət iştirakçıları: respublikanın tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, yaxın dostlar, qohumlar maestronun şirin türk ləhcəsində söylədiyi təəssüratlara, müasir türk musiqisi və sənətçiləri haqqındakı mənalı mülahizələrinə məmnuniyyətlə qulaq asırdılar.
- Hörmətli maestro, söhbətinizə müdaxilə etdiyimə görə məni əfv edərsiniz, lütfən, aydınlaşdırın, ümumiyyətlə, sənətdə müasirlik nə deməkdir?
Maestro mənə tərəf dönüb əvvəlcə gülümsədi, sonra ciddi görkəm alıb belə dedi:
- Yavrum, siz hələ çox gəncsiniz, bu sözlərimi yadınızda yaxşı saxlayın: köhnəlmiş və ya müasir sənət əsəri olmur. Əgər əsər yüksək sənətkarlıqla yaradılmışsa, demək, o, həmişə, bütün dövrlərdə müasirdir. Özünüz deyin, Şekspirin hansı əsəri bütün dövrlər üçün müasir deyil?
Sonra isə o, üzünü qonaqlara tutub, bir qədər sinirli əlavə etdi:
- Bizim bəzi özündən?razı bəstəçilərimiz mənim iradlarımdan, öyüd?nəsihətlərimdən inciyirlər, “biz müasir ruhda yazırıq” söyləyirlər, əcəba, Üzeyir bəy bu?gün də müasir deyilmi?
Qonaqların hamısı maestronun fikri ilə razılaşdı.
Bu xoş görüşdən illər keçdikdən sonra mən dərk etdim ki, böyük Niyazinin sənət meyarı memarlığa nə qədər də uyğun gəlir!.. Dönə-dönə əmin oldum ki, biz BU GÜNÜN memarlığını yaradarkən KEÇMİŞƏ kor-koranə yox, novatorcasına, yeni baxışla müraciət etməliyik. Ağ?saqqallara, müdriklərə müraciət edən kimi! Ehtiramla, hörmətlə, amma yeni baxışla...