1982-ci ilin 21 oktyabr tarixində Azərbaycanın üç igid oğlu: Həmid Cəfərov, Zakir Nəsibov və Telman Əliyev uzaq Sibirdə, İrkutsk vilayətinin Tayşet şəhəri yaxınlığındakı Şevçenko kəndi məzarlığında dizə qədər qara bata-bata 41 il əvvəl vəfat etmiş Hüseyn Cavidin məzarını axtarırdı.
Və ... nəhayət ki, tapdılar.
Məzar açılanda hər üçü: Həmid də, Telman da, Zakir də Cavidin nəşi qarşısında diz çöküb göz yaşı tökdülər. Bu həm hüzn, həm də sevinc göz yaşları idi. Onlar dahi şəxsiyyəti doğma elinə - Azərbaycana aparmağa gəlmişdilər.
Vaxtilə Bakıda 59 nömrəli mənzildə yaşayan, 59 yaşında vəfat edən, 59 nömrəli qəbirdə uyuyan, 59 nömrəli aktla torpağa tapşırılan Azərbaycan şairi, dramaturqu vətənə - 59 yaşlı Turanın görüşünə gedirdi.
O, Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində Vətənə qayıdırdı.