Yanma prosesinin baş verməsi üçün lazım olan oksigen qazı, istilik
və yanacaqdan hər hansı biri yanma prosesindən kənarlaşdırılsa,
yanğın sönər. Mətbəxdə yanan qazı bağladıqda alov sönür, bunun
səbəbi prosesin davam etməsi üçün yanacağın olmamasıdır.
Yanğının üzərinə su tökdükdə yanğının sönməsinin səbəbi isə isti
hissələrin soyumasıdır. Ocağın üzərinə yanğın örtüyü çəkdikdə
oksigenin prosesdə iştirakının qarşısı alınır və yanğın sönür. Yanğın
örtükləri odadavamlı materialdan hazırlanır və əsasən, məişətdə
baş verən yanğınları söndürmək üçün istifadə olunur.
Yanğını söndürmək üçün daha çox yanğınsöndürmə balonlarından
istifadə edilir. Bəzi yanğınsöndürmə balonlarına karbon qazı
doldurulur. Yanğına püskürdülən karbon qazı havadan ağır olduğu
üçün "örtük" kimi yanğının üzərini örtür və onun oksigenlə
təmasının qarşısını alır.