Səs canlıların ünsiyyət vasitələrindən
biridir. Bir çox canlı yırtıcı gördükdə
xüsusi səslər çıxararaq sürüdəkiləri
xəbərdar edir. İnsanları digər
canlılardan fərqləndirən əsas
xüsusiyyətlərdən biri nitqdir. İnsanlar
səsdən istifadə edərək müəyyən
fikirləri ifadə edən cümlələr qururlar.
Yazmaq üçün istifadə olunan hərflər
də əslində səslərin simvollarıdır.
Səsin incəsənət, texnologiya və tibb
sahəsində də mühüm tətbiqləri var.
Qobustandakı maraqlı abidələr arasında qavaldaşlar da var. Bu böyük
qaya parçaları Daş dövründə yaşamış insanların istifadə etdikləri
musiqi aletidir. Qavaldaşlar yerdən müəyyən hündürlükdə, yastı daşlar
üzərində elə yerləşdirilib ki, torpaqla arasında boşluq olsun. Bu boşluq
olmasa, qavaldaşlardan musiqi aləti kimi istifadə etmək mümkün
olmaz. Səthinə daşla vurduqda qaval və nağara kimi zərb alətlərinin
səsinə oxşar səs çıxaran qavaldaşlar musiqinin insanın ən qədim
məşğuliyyətlərindən biri olduğunu göstərir. Çünki Qobustan ərazisində
insanların məskunlaşması tarixi Üst Paleolit dövrünün sonu ilə Mezolit
dövrünün başlanğıcına təsadüf edir.
Bölmədə öyrənəcəksiniz
• Səs, səs mənbəyinin və mühitdəki zərrəciklərin təkrarlanan hərəkəti nəticəsində yaranır
• Eşitdiyimiz səsləri gur və ya alçaq, zil və ya bəm olaraq fərqləndirə bilərik
• Səs havadan başqa, su və polad kimi mühitlərdə də yayılır
• Əks-səda səsin əks olunması nəticəsində yaranır
• Sizcə səslər necə yaranır?
• Səslər bir-birindən nə ilə fərqlənir?
• Niyə bəzi səslər xoşumuza gəlir, bəziləri isə gəlmir?