Keçirici - dəmir, mis və alüminium kimi elektrik cərəyanını
yaxşı keçirən maddələrdir.
Konsumentlər - hazır qida maddələri ilə qidalanan canlı
orqanizmlərdir. Qida zəncirində ilkin (otyeyən), ikinci,
üçüncü və s. (yırtıcılar) konsument ola bilər.
Konveksiya - istilik enerjisinin maye və qaz axınları
vasitəsilə ötürülməsidir.
Qabarma və çəkilmə - Ayın cazibə qüvvəsinin təsiri ilə
dəniz və okeanlarda suyun səviyyəsinin nizamlı olaraq
yüksəlib-alçalmasıdır.
|
Qida zənciri - ekosistemdə canlılar arasında qarşılıqlı
qida əlaqələri ilə bağlı olan orqanizmlər qrupunun
ardıcıllığıdır.
Qlobal istiləşmə - atmosferin orta illik temperaturunun
tədricən artması prosesidir.
Quruluş uyğunlaşmaları - mühitin dəyişilməsi ilə
əlaqədar canlıların orqanlarının, həmçinin bədən
hissələrinin forma və quruluşunun yeni şəraitə
uyğunlaşmasıdır.
Maskalanma - canlıların sağ qalması üçün rəngini və
formasını yaşadığı mühitin rənginə və formasına
oxşatmaqla yırtıcılarında yanlış təsəvvür oyatmağa,
gizlənməyə və ya seçilməz hala gəlməyə kömək edən
uyğunlaşmadır.
Miqrasiya - yaşayış şəraitinin dəyişməsi səbəbi ilə
canlıların yerdəyişməsidir.
Mimikriya - canlıların özlərini rənginə və ya formasına
görə başqa canlılara və ya onların müəyyən hissələrinə
oxşatmasıdır.
Mühit - səsin yayıldığı maddədir.
Nektar - bitkilərdə çiçəyin ifraz etdiyi, arı kimi bəzi
həşəratların qidalandığı şəkərli şirədir.
Orta illik temperatur - müəyyən bir ərazi üçün aylar üzrə
orta temperaturların cəminin bir ildəki ayların sayına
bölünməsi ilə hesablanır.
Orta illik yağıntı - çoxillik dövr ərzində (adətən, 30 il
ərzində) müəyyən məntəqəyə düşən yağıntının ümumi
miqdarının illərin sayına olan nisbətidir.
Payız gecə-gündüz bərabərliyi - 23 sentyabr tarixində
Şimal və Cənub yarımkürələrinə bərabər miqdarda Günəş
işığının düşməsi və Şimal yarımkürəsində payız, Cənub
yarımkürəsində yaz fəslinin başlaması hadisəsidir.
Peyk - planetlərin ətrafında dövr edən göy cismidir.
Planet - cazibə qüvvəsinin təsiri ilə ulduz ətrafında dövr
edən kürəşəkilli göy cismidir.
|