13.4
|
İstixana effekti və qlobal istiləşmə |
• Açar sözlər •
• istixana effekti
• istixana qazları • qlobal istiləşmə |
|
Ləvazimat: 2 eyniölçülü şüşə qab, soyuq
su, 10 ədəd kiçik buz parçası, 2 termometr,
1 ədəd sellofan paket.
|
İşin gedişi: 1. Qabların hər birinə bir stəkan soyuq su əlavə edin. 2. Hər qaba 5 ədəd buz parçası əlavə edin. 3. Hər iki qaba termometr yerləşdirin. 4. Qablardan birinə üst tərəfdən sellofan paket keçirin. 5. Hər iki qabı günəş şüaları altına qoyun və müşahidə edin. 6. 10 dəqiqə sonra termometrlərin göstəricilərini müqayisə edin.
Müzakirə edin:
- Hansı qabdakı buz daha tez əriməyə başladı? - Hansı termometrin göstəricisi daha yüksək oldu? - Bu fərqlərin səbəbi nədir? |
İstixana qazlarının miqdarı
artdıqca udulan istilik miqdarı
da artır və Yerin orta temperaturu yüksəlir.
|
Bitki yetişdirmək üçün istifadə olunan istixanalar günəşin istilik
enerjisinin təsiri ilə tez isinir, gec soyuyur. Atmosferdəki bəzi qazlar
da istilik enerjisini udur və atmosferin aşağı qatlarının isti qalmasına
səbəb olmaqla Yerin soyumasına mane olur. Bu hadisə istixana
effekti adlanır. İstixana effektinə səbəb olan qazlar, əsasən, karbon
qazı və metan qazıdır. Bu qazlar istixana qazları da adlanır.
Atmosferdə istixana qazlarının miqdarının artması Yerin
temperaturunun uzun müddətdə tədricən artmasına səbəb olur. Bu
proses qlobal istiləşmə adlanır. Aşağıdakı qrafikdə 1880 - 2000-ci
illər arasında atmosferdəki karbon qazının miqdarı və Yerin orta
temperaturunun dəyişməsi göstərilmişdir.
|