Məişət və ya ticarət obyektlərində tullantılarla milçəklərin, yaxud
digər heyvanların təmasda olmasının qarşısını almaq üçün onlar
qapaqlı məişət tullantı qablarında və ya konteynerlərində
saxlanılmalıdır. Əks təqdirdə patogenlər açıq tullantılarda çoxala və
heyvanlar tərəfindən ətrafa yayıla bilər. Bu vəziyyət belə yerlərin
xəstəlik mənbəyinə çevrilməsinə şərait yaradır.
Öyrəndiklərinizi tətbiq edin
Ümumilikdə hər il dünyanın yüzdən çox ölkəsində təxminən 241
milyon insan malyariya xəstəliyinə yoluxur. Ümumdünya Səhiyyə
Təşkilatının məlumatına görə, 2020-ci ildə malyariyadan
ölənlərin sayı 627 000 nəfərdir. Xəstəliyə birhüceyrəli patogen
orqanizmlər səbəb olur. Anofeles ağcaqanadlarının sancması ilə
bu patogenlər malyariya xəstələrindən sağlam insanlara keçir və
onları xəstələndirir. Bu ağcaqanadlar malyariya xəstəliyinin
daşıyıcısıdır.
- Sizcə, malyariya yoluxucu xəstəlikdirmi? Niyə?
- Necə düşünürsünüz: əllərimizi tez-tez yumaqla və tibbi maska taxmaqla malyariya xəstəliyindən qorunmaq mümkündürmü? - Fikrinizcə, nə üçün malyariya xəstəliyi cənub ölkələrində daha geniş yayılıb? |