|
Göbələklərin əksəriyyəti sporlarla çoxalır. Papaqlı göbələklərin papaqlarının altında lövhəcik və ya borucuqşəkilli hissələrində yetişmiş qəhvəyi toz kimi görünən sporları yalnız mikroskop altında müşahidə edə bilərik. Onlar xırda və yüngül olduğundan külək vasitəsilə asanlıqla ətrafa yayılır. Kifayət qədər hava, rütubət və istilik olan yerlərə düşdükdə sporlar cücərərək onlardan yeni göbələklər inkişaf edir. Göbələklərin yarpaqları və xlorofilləri olmur. Buna görə də göbələklər öz qidalarını hazırlaya bilmir. Bəzi göbələklər qida maddələrini başqa canlılardan alır, digərləri isə ölü orqanizmlərin qalıqlarını parçalayaraq əldə edir. Bu göbələklər tökülmüş yarpaq və çürüyən ağac kimi bitki qalıqları, heyvan cəsədləri ilə qidalanır, onları çürüntüyə çevirərək daha sadə maddələrə parçalayır. Bu maddələr də canlı bitkilər tərəfindən yenidən istifadə olunur. Beləliklə, maddələrin təbiətdəki dövranı və tarazlığı təmin edilir. |