Xüsusilə isti yay günlərində
soyuducuya qoymağı unutduğumuz
yeməklərin dadı ertəsi gün dəyişir.
Rütubətli yerdə çörək parçasının və ya
portağalın üzərinin kiflə örtüldüyünü
müşahidə etmək olar.
Bu müşahidələrə əsasən adi gözlə
görünməyəcək qədər kiçik olan bəzi
canlıların varlığı haqqında məlumat
əldə etmək mümkündür.
Bu canlıları öyrənmək həm də
qidaların xarab olmasının səbəblərini
anlamaq üçün vacibdir.
Mikroorqanizmlər adi gözlə görünməyən, adətən,
ölçüləri 0,1 mm-dən kiçik olan canlılar qrupudur.
Onlara bakteriyalar, viruslar və bəzi göbələklər aid
edilir.
Mikroorqanizmlər təbiətdə baş verən əksər
proseslərdə mühüm rol oynayır. Onlar həmçinin
bitkilərin, heyvanların və insanların sağlamlığı
üçün də çox əhəmiyyətlidir.
Bölmədə öyrənəcəksiniz
- Göbələklər birhüceyrəli və ya çoxhüceyrəli orqanizmlərdir
- Bakteriyalar birhüceyrəli mikroorqanizmlərdir
- Göbələklər sporlar vasitəsilə, bakteriyalar isə sadə bölünmə yolu ilə çoxalır
- Bəzi göbələklər və bakteriyalar bitkilərdə, heyvanlarda və insanlarda xəstəliklərə səbəb olur
Digərləri isə ölmüş orqanizmləri və qida qalıqlarını parçalayaraq maddələrin torpağa
qaytarılmasında iştirak edir