Ürək əzələsi yığılıb-boşaldıqda qan ürəkdən damarlara qovulur.
Bu zaman damarlar qanın hərəkəti ilə genişlənir və daralır. Ürək
fəaliyyəti nəticəsində qanın növbəli qovulması qan damarları
divarlarının dalğavarı hərəkətinə səbəb olur.
Hər bir ürək döyüntüsünə görə damar divarlarının ritmik hərəkəti
(dalğalanması) nəbz adlanır. Biz bunu biləklərimizdə və bədənin
müəyyən yerlərində hiss edə bilərik. Bu, bədənimizin digər
hissələri ilə ürəyimizin necə əlaqəli olduğunu göstərir.
|
Bilirsinizmi?
Bəzi insanlar çox sürətli, çox
yavaş və ya nizamsız ürək
ritmlərindən əziyyət çəkirlər. Bu
vəziyyət aritmiya adlanır.
Aritmiyası olan insanlarda ürək
bədənə kifayət qədər qan vura
bilmir.
Adətən, aritmiyadan əziyyət çəkən insanın döş qəfəsinə və ya qarın nahiyəsinə kardiostimulyator adlı kiçik bir cihaz yerləşdirilir. Bu cihaz ürək fəaliyyətinin normal ritmini nizamlamağa kömək edir. |
Biləyinizdə dərinin səthinə yaxın yerləşən qan damarlarına iki
barmağınızı möhkəm basaraq nəbzinizi hiss edin.
Müzakirə edin:
- 30 saniyədə ürək döyüntülərinizin sayı nə qədərdir? - Sakit halda bir dəqiqədə ürək döyüntülərinizin sayını hesablayın. - Ürək döyüntülərinizin sayını sinif yoldaşlarınızla müqayisə edin. Ürək döyüntülərinizin sayı eynidirmi? |